MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi yeni daxil olan nəşrləri istifadəçilərə təqdim edir

09-09-22

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə yeni dəyərli nəşrlər daxil olub. Nəşrlər sırasında akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə" (2021) beşcildliyi var. Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə olan bu nəşr müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsidir. Həmçinin Ş.Əsgərovun “Hamımızın bir vətəni var, bu da Azərbaycandır” (2000), M. Atakişiyevin “Azərbaycanın yeni neft siyasəti və iqtisadi yüksəliş”(2004), “Azərbaycan regionları. Yeni inkişaf dövrü” (2014) 3 cilddə, K.Abdullanın “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud”dastanı” (2020), M. Qasımlının “Azərbaycan Respublikasının tarixi (1991-2021)” 2 cilddə, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” (2021), Ali Askerin “Azerbaycan düşünce tarihi: evreler, olaylar ve şahsiyetler (19.yüzyılın ortaları-20.yüzyılın başları)” (2021), X. Quliyevanın “Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” (2021) kitabları və digər dəyərli nəşrlər var. Burada Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin dövlət idarəçilik siyasəti, həmçinin çağdaş mərhələdə Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı sahəsində təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən proqramlar və digər qərarların icrası sahəsində görülən işlər əks olunur. O cümlədən ölkəmizdə və dünyada cərəyan edən sosial-siyasi, fəlsəfi-etik problemlərin təhlil olunduğu elmi məqalələr təqdim olunur. Kitablar tələbələr, tədqiqatçılar, alimlər üçün Azərbaycan Respublikasının tarixini, ictimai-siyasi vəziyyətini, elmi-mədəni mühitini öyrənmək baxımından dəyərli mənbələrdir.