MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi yeni daxil olan ədəbiyyatların virtual sərgisini təqdim edir

14-04-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi cari il ərzində daxil olan ədəbiyyatların virtual sərgisini (https://heyzine.com/flip-book/b38cd9810d.html) təqdim edir. Dəyərli nəşrlər arasında Ulu öndər Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyətinə dair arxiv mənbələri, milli və ümumbəşəri məna daşıyan müdrik kəlamları, bioqrafiyasının naməlum səhifələri, H.Əliyevin qohumları, yaxın dostları və siyasi opponentlərin xatirələri və fikirləri əsasında maraqlı faktlar əks olunduğu “Heydər Əliyev. Ömürlük missiya”, “Heydər Əliyev dühası və Müasir Azərbaycan”, “Heydər Əliyev və Çin”, “Heydar Aliyev. Words of wisdom:” kimi kitablar yer alır. Virtual sərgidə təqdim olunan “İnkişaf-məqsədimizdir” çoxcildliyində (119, 120, 121, 123-cü kitablar) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan, Rusiya, Özbəkistan, Gürcüstan, Albaniya, İtaliya, Əlcazair, Serbiya respublikalarına səfərlərindən, həmçinin Türkiyə Respublikasına işgüzar səfəri, bu səfər zamanı Rəcəb Tayyib Ərdoğanla, Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşü və Qobustan, İsmayıllı, Ağsu rayonlarına, Sumqayıt şəhərinə səfərləri, İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi yer alıb. “Şuşa müqəddəs Azərbaycan şəhəri” və “Şuşa 270 tarixdə” kitablarında isə Şuşanın tarixindən, şan-şöhrətindən, iqtisadi və mədəni mərkəzə çevrilməsindən, xanlıqlar dövründəki coğrafi əhəmiyyətindən, Azərbaycandan qoparılmasından və Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” adı altında keçirdiyi genişmiqyaslı hərbi əməliyyat nəticəsində Azərbaycanın əzəli torpaqlarının geri qayıtması və Azərbaycan xalqının Şuşaya qayıdışdan danışılır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elekron kataloquna daxil olub PDF şəklində yükləmək və ya online rejimdə mütaliə etmək mümkündür. Qeyd edək ki, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi Azərbaycan dövlətçiliyinə dair ədəbiyyatın komplektləşdirilməsi, mühafizəsinin və istifadəsinin təşkili, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, Azərbaycan dövlətçiliyi və Heydər Əliyev şəxsiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil edir, mövzu və şəxsi biblioqrafik göstəricilərin, çap kataloqlarının hazırlanması, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur.