MEK-in Elmi-Metodiki Şurasının növbəti iclası keçirilib
02-10-23
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Elmi-Metodiki Şurasının növbəti iclası keçirilib. İclası kitabxananın baş direktoru, Elmi-Metodiki Şuranın sədri, professor Məmməd Əliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. MEK-in təşkilatçılığı ilə baş tutacaq “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfrans haqqında ətraflı məlumat verən baş direktor sözügedən konfransın hibrid formatda keçiriləcəyini, xaricdən xeyli sayda qonağın qatılacağını vurğulayıb. MEK-in elmi katibi Şəbnəm Rüstəmova “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş bir sıra tədbirlərin keçirildiyini, layihələrin hazırlandığını, nəşrlərin çapa göndərildiyini vurğulayıb. Elmi katib cari ilin may ayında “İnformasiya cəmiyyətində mədəni-tarixi irsin qorunması və ötürülməsində kitabxanaların rolu” mövzusunda keçirilən konfransın nəticələri haqqında məlumat verib. Həmin konfransda kitabxanaçılıq elminin inkişafına faydalı ola biləcək, orijinallığı ilə seçilən, mövcud istiqamətdə əsas problemlərə işıq tutacaq tezislərin qəbul edildiyini nəzərə çatdırıb. İclasda gündəliyin digər mövzuları da müzakirə edilib, Biblioqrafiya şöbəsinin yarımillik hesabatı dinlənilib. Şöbənin müdiri Nərgiz Novruzova cari ilin altı ayı ərzində kitabxana tərəfindən ərsəyə gələn “Görkəmli Dövlət Xadimi Heydər Əliyev”, “Zərifə Əliyeva-100” adlı və digər biblioqrafik göstəricilərdən, eləcə də indiyədək iki sayı işıq üzü görən MEK-in “İnformasiya bülleteni” haqqında danışıb. Həmçinin MEK əməkdaşlarının Naxçıvanda keçirilən “I Beynəlxalq İpək Yolu” konfransında və Tbilisi şəhərində baş tutan Mərkəzi və Şərqi Avropa dövlətlərinin “Vikimedia 2023” konfranslarından hesabatlar təqdim olunub. Sonda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələr verilib.