MEK-in elmi katibi 16-cı beynəlxalq konfransda iştirak edib
05-06-24
MEK-in elmi katibi beynəlxalq konfransda iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) elmi katibi Şəbnəm Rüstəmova Yunanıstanda keçirilən “Kitabxanalarda Keyfiyyət və Kəmiyyət Metodları 16-cı Beynəlxalq Konfrans”a (QQML2024) onlayn qatılıb.
Beynəlxalq Elm və Texnologiyanın İnkişafı Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan konfransın builki mövzusu “Kitabxanalar sosial sabitliyin sütunları kimi: dəyişikliklərə təkan verən, davamlılıq, biliyə əsaslanan liderlik və inklüzivlik” olub.
MEK-in elmi katibi konfransda “Elmi kitabxanaların rəqəmsal transformasiyası zamanın tələbi kimi (Digital transformation of scientific libraries as a requirement of the time) adlı tezislə çıxış edib.
Beş gün davam edən beynəlxalq konfransa Azərbaycan, Amerika Birləşmiş Ştatları, Kolumbiya, İspaniya, Filippin, İndoneziya, Rusiya Federasiyası, Hindistan, Uqanda, Çin, Serbiya, Portuqaliya, Xorvatiya, Sloveniya, Çexiya, Sloveniya, Litva, Meksika, İsrail, Oman Sultanlığı, Böyük Britaniya, Polşa, Rumıniya, Norveç, Malayziya, Latviya, Banqladeş, Nigeriya , Manila, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya, İtaliya, İsveç və Sinqapur tədqiqatçıları, muzey alimləri, arxivçiləri, kitabxanaçıları, sənəd menecerləri, veb tərtibatçıları, informasiya texnologiyaları mütəxəssisləri iştirak ediblər. Onlar “Kitabxanalar üçün Süni İntellekt Problemləri”, “Kitabxanalarda və təşkilatlarda yeni texnologiya əsaslı alətlər”, “Kitabxana və İnformasiya Elmləri”, “Bibliometriya, Scientometrics, Webometrics və Altmetrics”, “Kitabxana resursları: Qiymətləndirmə və Təsir, Məzmun Təhlili Tətbiqləri, Biliyin təşkili alətləri və üsulları, Rəqəmsal Repozitoriyalar Rəqəmsal Kitabxanalar”, “Kitabxana və İnformasiya Elminin Gələcəyinin İzlənməsi”, “Açıq Elm, Açıq Giriş, Sosial şəbəkələr”, “21-ci əsrdə mədəni irs”, “Vətəndaşlıq”, “İqtisadi inkişaf”, “Dözümlülük”, “İnklüzivlik” mövzularında çıxışlarını təqdim ediblər.
Tədbir müddəti mövzular ətrafında fikir mübadiləsi aparılıb, həmçinin iştirakçılar təcrübi biliklərini paylaşaraq, qrup işlərinə cəlb olunublar.