MEK-in direktoru Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib

19-07-24

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik:

 

Əsası 1875-ci il iyul ayının 22-də "Əkinçi” qəzeti ilə qoyulan 149 illik milli mətbuatımız böyük inkişaf yolu keçərək müasir Azərbaycan mediası üçün milli informasiya resurslarının formalaşmasında sürətli dönüş yaratmışdır. Bu gün azad, müstəqil, qalib ölkəmizdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu ideyalara sadiq qalaraq ictimaiyyəti informasiya ilə təmin edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, işinə obyektiv və peşəkarlıqla yanaşan jurnalist ordusu formalaşıb. Həmin jurnalistlər sırasında Siz də daim fədakarlıq və çeviklik nümayiş etdirirsiniz.

Ölkəmizdə azad sözün, aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində Sizlərin danılmaz fəaliyyətiniz var və bu fəaliyyəti nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatımızın inkişafı üçün hər zaman öz dəstəyini göstərməkdədir. Ümummilli lider Heydər Əliyev tərəfindən qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi, bir sıra qəzetlərə uzunmüddətli və güzəştli kreditlərin verilməsi, Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 130 və 135 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları, “Əkinçi” qəzetinin yubileyinin qeyd olunması, həmçinin, 8 fevral 2006-cı il tarixli Sərəncamla redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcunun dövlət büdcəsi hesabına silinməsi, 31 iyul 2008-ci il tarixli Sərəncamla “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”, KİV əməkdaşlarının fəxri adlara layiq görülməsi dövlətin söz və mətbuat azadlığına dəstəyinin nümunəsidir. Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırması, Mətbuat Şurasına yeni binanın ayrılması mətbuatımızın inkişafına dövlətin verdiyi önəmin təzahürüdür. Azərbaycan mətbuatı bu gün də, hər zamankı kimi dövlətinin və dövlətçiliyinin yanında olmaqla yorulmadan fəaliyyət göstərir.

Heç təsadüfi deyildir ki, milli mətbuatımızın nümayəndələri də dövlətimizin bu diqqət və qayğısını unutmamış, 2002-ci ildə Ümummilli lider Heydər Əliyevi, 2010-cu ildə Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına layiq görmüşlər.

Biz də AMEA-nın Mərkəzi Elmi Kitabxanası olaraq 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini ürəkdən təbrik edir, yorulmaz və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!