MEK-in direktoru “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda keçirilən elmi konfransda çıxış edib
08-05-24
08 may Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda elmi konfrans və “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı keçirilib. Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bildirib ki, Azərbaycan dövlətinin bu günə gəlib çıxması, elmin, təhsilin, mədəniyyətin çiçəklənməsi məhz Ulu Öndərin qurduğu müdrik siyasətin nəticəsidir. Qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Konfransda AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun çıxışı dinlənilib. Çıxışı zamanı direktor Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, o cümlədən Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edib. Hazırda Dövlət Proqramının uğurla həyata keçirilməsinin nəticəsi kimi Akademiyanın Mərkəzi Elmi Kitabxanasının əlaqələrinin genişləndirilməsi və fondlarının zənginləşdirilməsinin məhz bu qayğının nəticəsi olduğunu vurğulayıb. Tədbir zamanı mövzu ətrafında müxtəlif çıxışlar dinlənilib. Eyni zamanda Ümummili Liderə həsr olunmuş film nümayiş edilib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı keçirilib, kitablardan ibarət sərgiyə baxış olub.