MEK-in direktor müavininin “Şuşadan türk dünyasına” adlı kitabı dərc olunub

21-12-23

AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini dosent Şəhla Tahirqızı və tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun həmmüəllifi olduqları “Şuşadan türk dünyasına” adlı kitab dərc olunub. Ulu Öndər Heydər Əliyevin Şuşa haqqında dəyərli kəlamları ilə başlayan nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında Sərəncamı, Şuşa Bəyannaməsi, tanınmışların Şuşa haqqında fikirləri əks olunub. Kitabda, həmçinin Şuşa şəhərinin təbii-coğrafi mövqeyi, kitabxanaları, məktəb və mədrəsələri, mətbu orqanları, məhəllə və meydanları, hamamları, karvansarayları, xalçaçılıq, yer adları, elm və mədəniyyət xadimləri, tarixi şəxsiyyətləri, Şuşa qalasının məscid və pirləri haqqında müfəssəl məlumat verilir. Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə hazırlanan kitabın elmi redaktoru MEK-in direktoru, professor Məmməd Əliyevdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab tarixçilər, araşdırmaçılar üçün də dəyərli mənbədir.