MEK-in direktor müavini kollektivə təqdim edilib
23-04-24
Aprelin 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron xidmətlər və informasiya resursları üzrə yeni direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev kollektivə təqdim olunub. Tədbiri MEK-in direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov açaraq bildirib ki, bir əsrə yaxın fəaliyyəti dövründə ölkənin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilən kitabxana Azərbaycan elminin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. Qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən Mərkəzi Elmi Kitabxanaya ölkə rəhbərliyi tərəfindən daim diqqət göstərilib, burada beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Direktor kitabxananın tamamilə elektronlaşdırılması istiqamətində Akademiya rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görüldüyünü də nəzərə çatdırıb. Elektron xidmətlər və informasiya resursları üzrə yeni direktor müavinini kollektivə təqdim edən Hüseyn Hüseynov onun bioqrafiyası haqqında qısa məlumat verib. Tədbirdə AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud və MEK-in elmi katibi Şəbnəm Rüstəmova çıxış edərək, yeni təyinat münasibətilə Oruc Quliyevə işində uğurlar arzulayıblar.