MEK-in də təmsil olunduğu VIII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb
10-10-22
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına oktyabrın 9-da yekun vurulub. Beş gün davam edən VIII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA Mərkəzi Elmi Kitabxanası 56 adda, 160 sayda nəşrlə təmsil olunub. Sərgidə MEK-in özünün nəşr etdirdiyi biblioqrafik göstəricilərlə yanaşı, erməni vəhşiliklərini ifşa edən Azərbaycan və xarici dillərdə kitablar, 44 günlük Vətən müharibəsində xalqımızın möhtəşəm Qələbəsinə həsr olunmuş “Böyük qayıdış”, “Hər biri qəhrəmandır”, “Zəfərə aparan yol”, “Qırx dörd günün salnaməsi. Vətən müharibəsi” biblioqrafik göstəricisi, Qarabağın tarixini və mədəniyyətini əks etdirən “Qarabağ tarixi-mədəni irsimizdən” kitabları, jurnallar və digər çap məhsulları xüsusi yer tutub. MEK-in stendinə yaxınlaşan çoxsaylı ziyarətçilərdən tələbələr, ziyalılar, xarici ölkə nümayəndələri bu mövzularda olan nəşrlərə diqqət yetirib, şanlı tariximiz, qədim mədəniyyətimizlə bu kitablar vasitəsilə tanış olublar. O cümlədən MEK-in özünün nəşr etdiyi biblioqrafik göstəricilər böyük maraqla qarşılanıb. Sərgi boyunca MEK-in təqdim etdiyi nəşrlər ziyarətçilərə hədiyyə verilib. Stenddə nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda qonaqlara, eləcə də sərgidə təmsil olunan xarici ölkələrin təşkilatlarına paylanıb. Eyni zamanda digər təşkilatlar tərəfindən MEK-ə çoxlu sayda dəyərli nəşrlər bağışlanıb. Yaxın zamanda bu nəşrlər əsasında MEK-də təşkil olunacaq sərgiyə bütün oxucularımız dəvətlidir. Həmçinin sərgidə Mədəniyyət Nazirliyinin əməkdaşı MEK-in stendinə baş çəkərək yüksək səviyyədə iştirakına görə məmnunluğunu bildirib və sertifikatla təltif edib. Xatırladaq ki, builki sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunub.