MEK-in bir qrup gənc əməkdaşı mükafatlandırılıb

01-02-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub. MEK-in direktoru, professor Məmməd Əliyev öncə kitabxananın bütün gənc əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, hər il bu tarixin Azərbaycan Gəncləri Günü elan edildiyini vurğulayan direktor gənclərin cəmiyyətdəki rolundan danışıb. Bildirib ki, Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mövcud ənənələr əsasında daha da təkmilləşdirilərək Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları qəbul edilir. Direktor onu da diqqətə çatdırıb ki, gənc nəsil mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda hərtərəfli inkişaf edir və ölkə həyatında, tarixində dərin izlər buraxır. Çıxışı zamanı direktor kitabxanaçı peşəsinə sadiq qalaraq oxucularla daim təmas yaradan, onlara kitabxana sahəsində xidmət göstərən gənc MEK əməkdaşlarının işinin öhdəsindən layiqincə gəldiklərini, həmçinin onların müxtəlif elmi-praktik konfransların, layihələrin təşkilində və keçirilməsində yaxından iştirakını da qeyd edib. Sonda fəallıqları ilə seçilən MEK-in bir qrup gənc əməkdaşına pul mükafatı və təşəkkürnamələr təqdim olunub.