MEK-in baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq elmi konfransda iştirak edib

03-11-23

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” layihəsi çərçivəsində “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransa yerli və xarici kitabxana nümayəndələri ilə yanaşı, AMEA MEK-in baş direktoru və əməkdaşları da qatılıblar. Konfransın plenar iclasında çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev Azərbaycanda kitabxana işinin inkişafı, bu sahədə Ulu Öndər Heydər Əliyevin xidmətlərinin tədqiqi, eləcə də kitabxana-informasiya sahəsində müasir tendensiyaların araşdırılması baxımından konfransın əhəmiyyətini qeyd edib. Baş direktor “Heydər Əliyev İli” çərçivəsində elmi kitabxana tərəfindən həyata keçirilən layihələrdən, tərtib olunan biblioqrafik göstəricilərdən, sərgilərdən, lektoriyalardan danışıb. Qeyd edib ki, MEK hazırda bir sıra dünya kitabxanaları ilə uğurlu əməkdaşlıq qurur. Ötən günlərdə Türkiyəyə səfəri çərçivəsində Türk Dünyası Kitabxanaçılar Fondu ilə yaradılan əlaqələri diqqətə çatdıran baş direktor türk dünyası ilə dost və qardaş coğrafiyalarda kitabxanaçılıq, arxiv, sənədləşmə, məlumatların idarə olunması işlərinin təşkili, eləcə də təhsil, mədəniyyət, sənətşünaslıq və digər sahələrdə ortaq kataloqun yaradılmasının önəmini vurğulayıb. Bölmə iclasları ilə davam edən konfransda MEK-in elmi katibi Şəbnəm Rüstəmovanın “Akademik kitabxanaların rəqəmsallaşdırılması: zamanın tələbi və perspektivlər”, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bagırova-Hüseynovanın “Ulu Öndər Heydər Əliyev irsi elektron informasiya resursları sistemində”, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Elmi kitabxanalarda elmmetriya və bibliometriya” mövzularında məruzələri dinlənilib. Konfrans müddətində MEK əməkdaşları yerli və xarici kitabxana nümayəndələri ilə gələcək birgə layihələrin təməlini qoyublar. Sonda MEK təmsilçilərinə, iştirakçılara və təşkilat komitəsinin üzvlərinə sertifikatlar təqdim olunub.