MEK-in baş direktoru EBSCO tammətnli bazasının MDB ölkələri üzrə direktoru ilə görüşüb

16-03-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev EBSCO nəşriyyatının MDB ölkələri üzrə direktoru Andrey Sokolovla görüşüb. Görüşdə, həmçinin MEK əməkdaşları, BDU-nun Elmi Kitabxanasının direktoru dosent Nigar İsmayılova və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri Cəmilə Yusifova iştirak ediblər. Öncə baş direktor M.Əliyev qonağa MEK haqqında ətraflı məlumat verib. Bildirilib ki, fundamental elmi nəşrlərlə zəngin olan kitabxanada bədii ədəbiyyat, dövri mətbuat, elmi jurnallar və kolleksiyalar da qorunur. Qeyd olunub ki, ölkə üzrə XVI əsrə aid ən qədim nəşr də məhz MEK-də saxlanılır. “Mərkəzi Elmi Kitabxana ölkənin kitabxanalar, qurumlarla eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir və bu sahədə uğurlu patrnyorluq əlaqələri qurur. Kitabxana olaraq bir sıra mühüm tədbirlərə, tematik sərgilərə ev sahibliyi edirik. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına əsasən müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyi keçirilir. Bu ilin çərçivəsində həm ölkə daxilində, həm də əməkdaşlıq etdiyimiz xarici qurumlarda Ulu öndərin irsinin təbliği məqsədilə silsilə tədbirlər planlaşdırılır” -, deyə baş direktor vurğulayıb. Baş direktor EBSCOHost şirkəti ilə əməkdaşlığın və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlüyün oxucularımız üçün yeni imkanların açılacağına dair əminliyini ifadə edib. EBSCO tammətnli bazasının MDB ölkələri üzrə direktoru Andrey Sokolov da qeyd edib ki, EBSCOHost şirkəti aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. 20 ildir ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində müqavilələr əsasında EBSCOHost şirkəti ilə əməkdaşlıq edir və üzv təşkilatlara lazım olan elm və tədris sahələrinə aid onlayn ədəbiyyatı sifariş edir. A.Sokolov onu da qeyd edib ki, şirkət 180 ölkənin 40-dan artıq dilində akademik nəşrləri özündə cəmləşdirir. Onların sırasında MEK-in fondlarındakı dəyərli nəşrləri görməkdən məmnun olacaqlarını da vurğulayıb. Daha sonra MEK -in Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlük məsələsi və EBSCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.