MEK-in 2024-cü ilin birinci yarısı üçün hesabatı dinlənilib

01-07-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2024-cü ilin birinci yarısı üçün görülmüş işlərə dair hesabatını təqdim edib. Tədbirdə MEK rəhbərliyi, AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri, kitabxana əməkdaşları iştirak ediblər.

Öncə MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov ölkədə digər sahələrə olduğu kimi, kitabxana sahəsinə də yüksək dövlət qayğısından danışıb, bu istiqamətdə görülən işlərə nəzər salıb. Həmçinin kitabxana işində səmərəliliyin artmasında hesabatların zəruriliyini vurğulayan MEK rəhbəri, AMEA-nın bütün müəssisələrində yarımillik hesabatların dinlənildiyini qeyd edib, hesabat dövründə əldə olunan bir neçə nailiyyətlərdən danışıb.

Sonra MEK-in elmi katibi Şəbnəm Rüstəmova müəssisənin yarımillik hesabatını təqdim edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il üçün imzaladığı Sərəncamlarına müvafiq olaraq Mərkəzi Elmi Kitabxanada “Azərbaycan ekologiyası: biblioqrafik göstərici”nin hazırlandığını, yararsız kağızların toplanması və təkrar istehsala qaytarılması aksiyasına başlanıldığını, “Naxçıvan Muxtar Respublikası – 100” biblioqrafik göstərici və “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat” adlı məlumat kitabının hazırlanmaqda olduğunu, “Məhəmməd Əmin Rəsulzadə - 140” adlı ənənəvi və virtual kitab sərgilərin təşkil edildiyini, eləcə də “Füzuli günləri” layihəsi çərçivəsində filologiya sahəsində çalışanlar, tədqiqatçılar və təhsil alan tələbələrlə füzulişünas alimlərlə görüşlərin keçirildiyini diqqətə çatdırıb, görülən tədbirlərin icrası və qarşıda duran vəzifələrə nəzər salıb.

Elmi katib çıxışında onu da qeyd edib ki, son aylarda kitabxananın müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində köklü işlər aparılmaqdadır. MEK-də xidmət işinin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülmüş, fonddan sənədverilmənin vaxtı uzadılmış, Elmi-Metodiki Şuranın tərkibi yenilənmiş, oxucuları MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə “Açıq qapı günləri” təşkil edilmiş, kitabxana işinin effektivliyini günün tələbləri səviyyəsinə qaldırmaq məqsədilə ”MEK könüllüləri” layihəsinə start verilmişdir. 2024-cü ilin altı ayı ərzində Mərkəzi Elmi Kitabxanada əldə olunmuş nailiyyətlər sırasında kitabxananın beynəlxalq qurum və təşkilatlarla imzaladığı müqavilələr, Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, dünya şöhrətli alim Əziz Sancar və mötəbər xarici qonaqların MEK rəhbərliyi ilə görüşlərinin olduğunu da nəzərə çatdırıb.

Daha sonra, MEK tərəfindən elmi, mədəni-kütləvi tədbirlərin təşkili, müxtəlif beynəlxalq və yerli elmi-praktiki konfranslarda əməkdaşların iştirakı ilə bağlı məlumat verən elmi katib cari ilin 17 mayında MEK-in təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının əhəmiyyətini qeyd edib.

Ş.Rüstəmova, həmçinin MEK-in kitabxana işi üzrə göstəricilərini də diqqətə çatdırıb. Qeyd olunub ki, kitabların rəqəmsallaşdırılması işində də son iki ay ərzində artım müşahidə edilib, Ümummilli Lider Heydər Əliyev, Qarabağ və Şuşa haqqında məqalələr artıq elektron bazada yerləşdirilib. MEK əməkdaşları tərəfindən azərbaycandilli vikipediyada 911 yeni məqalə yaradıldığını, 107 məqalənin əsaslı redaktə edildiyini, xaricidilli vikipediyada isə 32 yeni məqalə yaradıldığını, 21 məqalənin əsaslı redaktə olunduğunu vurğulayıb.

Sonda AMEA Rəyasət Heyəti Aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva hesabatı qənaətbəxş hesab edib və qısa müddət ərzində qazanılan nailiyyətlərin, uğurların davamlı olacağından inamını ifadə edib, uğurlar arzulayıb.

Sonda suallar cavablandırılıb.