MEK ilə Türkiyənin İstanbul Universiteti Kitabxanası arasında əlaqələr qurulub
03-06-24
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Türkiyənin İstanbul Universitetinin Kitabxanası arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirilib.
Görüşdə MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və kitabxananın rəhbər heyəti, qarşı tərəfdən isə İstanbul Universiteti Kitabxanasının təmsilçiləri İnformasiya və sənəd dövriyyəsi şöbəsinin əməkdaşı Selcuk Aydın, elektron mənbələr üzrə kitabxanaçı Cihan Kalın iştirak ediblər.
MEK-in direktoru mədəniyyətin Azərbaycan və Türkiyəni birləşdirən ortaq dəyərlər sırasında olduğunu diqqətə çatdıraraq qardaş ölkə kitabxanaları ilə əməkdaşlığın önəmini vurğulayıb. Direktor türkdilli ədəbiyyatların, elm adamlarının nəşrlərinin MEK-in fondlarına xüsusi zənginlik gətirdiyini bildirib, digər ölkələrlə yanaşı, Türkiyə Cümhuriyyətinin diplomatik nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlər əsasında yaradılan Diplomatik fond haqqında ətraflı məlumat verib.
Onlayn görüş zamanı MEK-in direktoru rəhbərlik etdiyi kitabxanada tarixi şəxsiyyətlərlə mütəmadi görüşlərin keçirildiyini, son günlərdə Bakıya səfəri çərçivəsində Nobel mükafatı laureatı Əziz Sancarın MEK-lə tanışlığını da xüsusi vurğulayıb.
Türkiyə təmsilçiləri Selcuk Aydın və Cihan Kalın AMEA-nın Elmi Kitabxanası ilə yaradılan əməkdaşlığı kitabxana əlaqələrinin inkişafı istiqamətində gərəkli addım kimi dəyərləndiriblər.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə MEK-in Kitabxana işləri üzrə direktor müavini, dosent Şəhla Tahirqızı nadir kitabların elektronlaşması, Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev əməkdaşların təcrübə mübadiləsi, Elmi katib Şəbnəm Rüstəmova kitabxanalarda istifadə edilən proqramlar haqqında fikirlərini bölüşüblər, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mübariz Göyüşlü isə, yaxın zamanda iki qurum arasında əməkdaşlıq müqaviləsi imzalamağın persepktivlərinə toxunub. Onlayn görüş zamanı, həmçinin Türkiyənin proqram təminatı, rəqəmsal kitab sahəsində qazandığı nailiyyətlərin Mərkəzi Elmi Kitabxanada tətbiqi, birgə layihələrin hazırlanması və həyata keçirilməsi yönündə də müzakirələr aparılıb.