MEK ilə Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb
16-09-22
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə təcrübə mübadiləsi üçün Bakıda səfərdə olan Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev və Mərkəzin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed Mərkəzi Elmi Kitabxananın (MEK) qonağı olub. Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov iştirak ediblər. Öncə MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqlara kitabxananın fəaliyyət istiqaməti, iş prinsipləri haqqında ətraflı məlumat verərək kitabxana ilə yaxından tanış edib. Tanışlıq zamanı sərgi salonuna, 15 akademikin büstlərindən ibarət qalereyaya, Nadir kitablar və qiymətli nəşrlər fonduna, eləcə də kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fonduna baxış keçirilib, fondun yaradılmasının məqsədi və fəaliyyəti haqqında ətraflı məlumatlandırılıblar. Dəyirmi masa ətrafında davam edən görüşdə baş direktor Məmməd Əliyev irəlidə AMEA Mərkəzi Elmi Kitabxanasının Özbəkistanın Elmi-Texniki İnformasiya Mərkəzi ilə əməkdaşlığına böyük ümidlərlə yanaşdığını qeyd edib. Bildirilib ki, istər mədəni, istər elmi sahələrdə müxtəlif səpkili layihələrin keçirilməsi hər iki ölkənin əlaqələrinin inkişafına töhfə ola biləcəkdir. Çıxışı zamanı professor Məmməd Əliyev Özbəkistan kitabxanaları ilə kitabxanalararası mübadilə və bu istiqamətdə geniş əməkdaşlıq məsələlərini diqqətə çatdırıb. Vurğulanıb ki, Əlişir Nəvai adına Özbəkistan Respublikası Milli Kitabxanası ilə kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsi oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracaq. Görüşdən məmnunluğunu ifadə edən Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev MEK-də yaradılan şəraiti yüksək qiymətləndirib. Mərkəzin direktoru, həmçinin bugünkü görüşdə səmərəli tərəfdaşlıq əlaqələrin inkişafı üçün möhkəm zəmin yarandığını qeyd edib. Daha sonra hər iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sonda qonaqlara MEK tərəfindən dəyərli nəşrlər təqdim olunub, xatirə şəkilləri çəkilib.