MEK ilə Azərbaycan Milli Xalça Muzeyi arasında əməkdaşlığa start verilib
13-01-23
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Azərbaycan Milli Xalça Muzeyi arasında əməkdaşlıq əlaqələri qurulub. Bu məqsədlə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşı Rəma Zeynalova MEK-də olublar. MEK-lə yaxından tanışlıq zamanı, baş direktor qonaqlara kitabxananın tarixi, fondları, həyata keçirilən layihələr və beynəlxalq əlaqələr haqqında ətraflı məlumat verib. Qonaqlar, həmçinin MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda toplanan nəşrlərə, məlumat bazalarına, Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərdən ibarət guşələrə baxıb, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində Ulu Öndər Heydər Əliyevin həyatı, zəngin siyasi irsini özündə əks etdirən nəşrlərə diqqət yetiriblər. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tərəfindən MEK-ə xalçaçılıq, bədii tikmələr, zərgərlik, dekorativ tətbiqi sənət sahələrinə aid nəşrlər, MEK tərəfindən isə “Heydər Əliyev İli” çərçivəsində hazırlanan “Heydər Əliyev-100” adlı illik təqvim təqdim olunub. Sonra iki müəssisə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru “Vikipediya”da xalçalar haqqında dolğun məlumatların yerləşdirilməsinin önəmindən danışıb. Xalçaçılıq terminlərinin, anlayışlarının xarici dillərə dəqiq tərcümələri, eləcə də ən çox tanınan Azərbaycan xalçaları haqqında informasiyanın əlçatanlığının prioritet məsələlərdən olduğu vurğulanıb. MEK-in baş direktoru professor Məmməd Əliyev Azərbaycan xalçaçılığının dünyada tanıdılmasında doğru təbliğatın aparılmasının vacibliyini vurğulayıb. Baş direktor bu istiqamətdə Azərbaycan dili ilə yanaşı, xarici dillərdə məqalələrin yaradılmasının vacib amillərdən, etibarlı istinadlarla yaradılan məqalələrin isə xarici auditoriya üçün geniş informasiya mənbəyi olduğunu qeyd edib. Həmçinin MEK-in Elektron resurlar şöbəsinin əməkdaşlarının bu istiqamətdə gördüyü mühüm işlərdən də danışıb. Baş direktor onu da qeyd edib ki, sözügedən şöbənin mütəxəssisləri tərəfindən ölkə daxilində bir çox təlimlər keçirilib. Bunun nəticəsində isə təlim keçmiş gənclər tərəfindən Azərbaycan və xarici dillərdə olan “Vikipediya”da əsaslı redaktələr aparılıb, çoxsaylı məqalələr yaradılıb. Sonda əminliklə bildirilib ki, bünövrəsi qoyulan bu əməkdaşlıq hər iki müəssisə üçün faydalı olacaq.