MEK “Heydər Əliyev məktəbinin layiqli davamçısı” adlı kitab sərgisi təqdim edib
22-12-22
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Ulu öndər siyasi irsinin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar YAP Yasamal rayon təşkilatı tərəfindən keçirilən “Heydər Əliyev məktəbinin layiqli davamçısı” adlı tədbirə qatılaraq, kitab sərgisi təşkil edib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri iştirak ediblər. Sərgidə MEK-in fondlarında qorunan Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyəti, Azərbaycanın inkişafı yönündə keçirdiyi beynəlxalq, siyasi və iqtisadi görüşləri, Azərbaycan dilinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi qayğısı, Azərbaycan elminə və təhsilinə verdiyi dəyərli töhfələri, eyni zamanda Ümummilli liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində şanlı Zəfər tariximizi əhatə edən kitablar, akademik nəşrlər əksini tapıb. Həmçinin nəşrlərin virtual sərgisi də hazırlanıb. Onların sırasında “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi”, “44 günlük diplomatiya dərsləri”, “Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası” (Əlibaba Məhərrəmzadə), “Dövlətçiliyimizin İlham Əliyev mərhələsi” (Fəzail Ağamalı), “Uğurlu yolun layiqli davamçısı” (Nizami Xudiyev), “Türk dünyasının lideri” (Nizami Cəfərov, Osman Musayev, Dəyanət Osmanlı), “İki liderin siyasi portreti” (Əbülfəz Bərəkət), “Azərbaycan Heydər Əliyevdən İlham Əliyevə” (Nizami Cəfərov, Dəyanət Osmanlı), “Milli lider və müstəqil dövlətçilik” (Mübariz Yusifov), “Sülh və sabitlik prezidenti” (Vaqif Abdullayev), “Xilaskarlar” (Qəzənfər Paşayev), “Böyük yolun həqiqəti” (Eldar Əliyev), “Azərbaycanın uğur rəmzi” (Zülfüqar Kazımov), “Zəfərə aparan yol” (Misir Mərdanov) və digər dəyərli nəşrlər nümayiş etdirilib.