MEK Həmkarlar Təşkilatında hesabat-seçki iclası keçirilib
24-04-24
24 aprel 2024- cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Həmkarlar Təşkilatının (HT) hesabat - seçki iclası keçirilib. Tədbirdə MEK-in direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər. Tədbirdə çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov Həmkarlar Təşkilatının fəaliyyətinin əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Direktor dövlət tərəfindən bu sahə üzrə yeni sosial proqramlar hazırlandığını və həyata keçirildiyini də qeyd edib. İclasda MEK Həmkarlar Təşkilatının sədri Nazilə Həsənovanın 7 illik fəaliyyətinin hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab olunub. Daha sonra açıq səsvermə yolu ilə MEK Həmkarlar Təşkilatına yeni sədr və komitə üzvlərinin seçilməsi baş tutub. MEK əməkdaşlarının yekdil qərarı ilə Günel Rəhimova Həmkarlar Təşkilatın sədri, komitə üzvləri və nəzarət təftiş komissiyasının üzvləri yeni heyətə seçiliblər. Sonda AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov məruzə ilə çıxış edərək, akademiyada gedən yenilikləri və islahatları diqqətə çatdırıb, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni seçilən sədr və komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. AMEA Azad Həmkarlar İttifaqının sədri MEK əməkdaşlarının suallarını cavablandırıb. AMEA Azad Həmkarlar İttifaqının bu ilin sonunda keçiriləcək qurultayına MEK-in direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və MEK Həmkarlar Təşkilatının sədri Günel Rəhimova nümayəndə seçiliblər.