MEK fondları tibb elminə dair maraqlı nəşrlərlə zənginləşir

17-10-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) tibb elminə dair maraqlı nəşrlər daxil olub. Nəşrlər sırasında “Kliniki uroginekologiya” (S.B.İmamverdiyev, Ə.A.Bağışov) həkimlər üçün rəhbərlik, “Hipoqlikemiya və hipoqlikemik koma. Etiopatogenezi, müalicə və profilaktikasına dair metodik tövsiyələr” (R.M.Məmmədhəsənov, T.V.Mehdiyev), “Şəkərli diabetdə düzgün qidalanma. Metodik vəsait” ( T. Əliyeva, T.V.Mehdiyev), ““Tibbi biliklərin əsasları” fənnindən mühazirələr” (T.V.Mehdiyev), “Cinsi yetişkənlik dövründə reproduktiv funksiyanın formalaşma xüsusiyyətləri” (İ.R.Mustafayeva, E.M.Əliyeva) dərs vəsaitləri yer alıb. Təqdim olunan dərs vəsaitləri və metodik tövsiyələrdə hipoqlikemiya və hipoqlikemik komanın etiopatogenezi və təsnifatına dair müasir təsəvvürlər, müalicə və profilaktikasına aid son tədqiqatlar, xarici və yerli alimlərin uroginekologiyadan klassik və ən son elmi işləri öz əksini tapıb. Həmçinin fövqəladə hallarda və müxtəlif şəraitlərdə ilk tibbi yardım göstərməyin qaydaları, mikrobiologiya və immunologiyanın əsasları, sağlamlığın möhkəmləndirilməsinin vacib şərtləri yığcam şəkildə şərh olunub, eləcə də cinsi yetişkənlik dövrünün gedişatı, formalaşma xüsusiyyətləri öz əksini tapıb. Nəşrlər humanitar-maarif işi aparan həkimlər, müəllimlər və bu sahə üzrə təhsil alan tələbələr üçün dəyərli elmi mənbə hesab edilir.