MEK Firidun bəy Köçərlinin 160 illiyi münasibətilə sərgi hazırlayıb

26-01-23

Yanvarın 26-da Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri, ömrünün mühüm hissəsini xalqının maarifinə, ədəbi irsinin öyrənilməsinə sərf edən fədakar ictimai xadim Firidun bəy Köçərlinin doğum günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi hazırlanıb. Sərgidə MEK-in fondlarındakı yazıçının həyat və fəaliyyətini özündə əks etdirən kitablar təqdim olunub. Burada “Firidun bəy Köçərlinin şəxsi arxivi”, “Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı” iki cilddə, həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən biblioqrafiya, görkəmli ədəbiyyatşünas alimin anadan olmasının 150 illik yubileyi ilə bağlı keçirilən elmi sessiyada oxunan məruzələrin toplusu və digər nəşrlər yer alır. Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri, ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, ömrünün mühüm hissəsini xalqının maarifinə, ədəbi irsinin öyrənilməsinə sərf edən fədakar ictimai xadim Firidun bəy Köçərli 1863-cü il yanvar ayının 26-da Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində doğulmuşdur. Azərbaycan ədəbiyyatı tarixini sistemli bir halda öyrənmək, yaratmaq ideyası məhz Firidun bəy Köçərli tərəfindən həyata keçirilmişdir. Köçərlinin “Azərbaycan ədəbiyyatı” monoqrafiyası milli ədəbiyyatşünaslığın yeni istiqamətində inkişafında böyük rol oynayan, bu gün də əhəmiyyətini itirməyən əsərlərdən biridir. Bu xidmətlərinə görə Firidun bəy 1899-cu ildə III dərəcəli “Müqəddəs Anna”, 1902-ci ildə isə II dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilmişdir. XIX əsrin sonlarından başlayaraq Azərbaycan türklərinin etnik və mədəni-siyasi qüdrətini, milli varlığını bütün dünyaya tanıtmaq fəaliyyətinə başlayan ziyalı şəxsiyyətlər arasında Firidun bəy Köçərlinin bənzərsiz xidməti var. Məhz onun uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açıldı. F. Köçərli 1918-ci ildən ömrünün sonuna kimi bu seminariyanın müdiri vəzifəsində çalışıb. Firidun bəy Köçərli Gəncədə baş verən üsyan zamanı 20-ci diviziyanın hökmü əsasında həbs edilib, iyunun 4-də 58 yaşında güllələnib