MEK əməkdaşlarının azərbaycandilli “Vikipediya”ya töhfəsi

07-04-23

Bu gün Azərbaycanla bağlı tarixi həqiqətlərin dünyaya çatdırılmasında mətbuat, sosial şəbəkələrlə yanaşı “Vikipediya” elektron ensiklopediyasının rolu əvəzsizdir. İnternet resurslarının inkişafı Azərbaycanda da bu sahədə peşəkar fəaliyyətin önə çıxmasını şərtləndirib. AMEA Mərkəzi Elmi Kitabxanasında fəaliyyət göstərən Elektron resurslar şöbəsi də işini elektron resursları üzərində qurub, təminatı üzrə ixtisaslaşaraq kitabxananın bu formatda olan materialları üzərində işləyir. Hazırda 329 dildə fəaliyyət göstərən onlayn ensiklopediya arasında azərbaycandilli “Vikipediya”nın öz mövqeyini 54-cü yerdə saxlamasında bu sahənin könüllüləri ilə yanaşı, sözügedən şöbənin əməkdaşlarının töhfələri də əvəzsizdir. Ötən il ölkədə keçirilən “Şuşa ili” Elektron resurslar şöbəsinin vikipediyaçılarına Qarabağ, Şuşa ilə bağlı gerçəklərin dünyaya tanıdılmasına böyük rəvac verdi. Onlar bu istiqamətdə Azərbaycan və xarici dillərdə olan “Vikipediya”da əsaslı redaktələr apararaq çoxsaylı məqalələr yaradıblar. 2022-ci il ərzində Şuşa şəhərinin tarixi, mədəniyyəti, musiqisi, ədəbi mühiti, memarlıq abidələri, ictimai-siyasi həyatı, görkəmli şəxsiyyətləri, təbiəti və s. barədə 120-dən artıq məqalə yaradılıb, əsaslı redaktə edilib, həmçinin Şuşaya aid mövcud məqalələr yenilənib və yaxud zənginləşdirilib. Bu ilin çərçivəsində Şuşada çəkilmiş 173 şəklin Vikianbarda yerləşdirilməsi şöbənin fəaliyyətində təqdir olunan böyük işlərdəndir. 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev ili” elan olunması ilə bağlı imzaladığı Sərəncam Elektron resurslar şöbəsinin fəaliyyətinə də təsirsiz ötüşmədi. Ulu Öndərin Azərbaycanın inkişafı naminə iqtisadi, siyasi, ədəbi sahədə imza atdığı yüzlərlə layihə və işlər öz təzahürünü yaradılmış məqalələrin əsaslı redaktəsi, o cümlədən yeni məqalələrin yaradılması ilə tapıb və tapmaqda davam edir. Hazırda şöbə əməkdaşları “Heydər Əliyev ili” münasibətilə elektron ensiklopediyada “Heydər Əliyev barədə 100 məqalə” layihəsini yekunlaşdırmaq üzrədirlər. Eləcə də ilin sonlarına doğru “Türkiyə Cümhuriyyətinin 100 illiyi”nə 100+ məqalə” layihəsini də gerçəkləşdirmək prioritet istiqamətlərdən biridir. Bunlardan əlavə, gənclərə “Vikipediya” haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq məqsədilə şöbənin təlimçi-ekspertləri tərəfindən mütəmadi olaraq AMEA-nın İnstitutları, müxtəlif təşkilatlar və fərdi şəxslər üçün ödənişsiz təlimlər həyata keçirilir.