MEK əməkdaşları Xocalı sakinini ziyarət ediblər

27-02-23

Ermənilərin Xocalıda törətdiyi faciədən 31 il ötür. Xocalı sakinləri ölkənin müxtəlif bölgələrində məskunlaşıblar. AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları bu il, Xocalı soyqırımı günü ərəfəsində Bakıda məskunlaşan Xocalı şəhər sakini Nazim Hüseynov ilə həmsöhbət olublar. Hüseynovların ailəsini ziyarətdə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Hüseynova-Bağırova və kitabxana əməkdaşları iştirak ediblər. Nazim Hüseynov Xocalının müdafiəsi üçün bütün qüvvəsini səfərbər edən, qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılan Milli Qəhrəman Əlif Hacıyevin dəstəsində olub. Həmin dəhşətli gecə xocalılara qarşı törədilən qırğının unudulmaz və amansız faciə olduğunu deyən Nazim Hüseynov 31 il ötməsinə baxmayaraq, danışdıqca həyəcanlanıb, həmin anları sanki yenidən yaşayıb “Atam öz torpağını, evini tərk etmək istəmirdi. Deyirdi ki, ölərəm, amma evimi erməniyə vermərəm. Bizim oradan sağ çıxmağımız bir möcüzə idi. Silahsız, dinc sakinlərin, körpə uşaqların xüsusi vəhşiliklə öldürülməsinə heç kim haqq qazandıra bilməz. Bu, bizim keçmişimizdir və bu faciəni unutmaq olmaz. Olduğu kimi danışıb gələcək nəsillərə ötürməliyik”. N.Hüseynov onu da qeyd edib ki, faciədən sonra cəsədlərin gətirilməsində iştirak edən 4 nəfərdən biri olub. MEK əməkdaşları bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktı olduğunu vurğulayıblar. Bildirilib ki, Mərkəzi Elmi Kitabxana tərəfindən faciə qurbanları, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşaraq ən ali zirvəyə ucalmış şəhidlər daim yad edilir.