MEK əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

27-06-24

Azərbaycan Silahlı Qüvvələri Günü və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunun açılışının üçüncü ildönümü ərəfəsində fondun rəhbəri Röksana Səfərzadə, kitabxananın Həmkarlar Təşkilatının sədri Günel Rəhimova və bir qrup əməkdaş İkinci Qarabağ müharibəsinin şəhidi, Azərbaycan Ordusunun kapitanı şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər.

MEK əməkdaşları öncə İkinci Fəxri xiyabanda şəhid Həmidağa Hüseynzadənin, o cümlədən Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Daha sonra ailəsi ilə birlikdə şəhidin böyüyüb boya-başa çatdığı evində olublar. Onların bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, başucalığımız olduğunu vurğulayan Röksanə Səfərzadə müharibə iştirakçıları haqqında yazılan nəşrlərin kitabxanada əbədi qorunaraq gələcək nəsillərə ötürülməsinin dövlətin və ictimaiyyətin dəstəyi, AMEA rəhbərliyinin yaxından köməkliyi və MEK-in təşəbbüsü ilə yaradılan fondun əsas fəaliyyət istiqamətlərini nəzərə çatdırıb.

Şəhidin anası Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə oğlunun da vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmasından qürurlandığını bildirib, torpağı qorumağın hamının müqəddəs borcu olduğunu dilə gətirib. Şəhid ailələrini diqqət mərkəzində saxladıqları və daim yad etdikləri üçün təşəkkürünü bildirib.