MEK əməkdaşları Şamaxıya ezam olunublar

25-04-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru professor Məmməd Əliyevin rəhbərliyi ilə kitabxananın bir qrup əməkdaşı təcrübə mübadiləsi məqsədilə AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) ezam olunublar. Ezamiyyə çərçivəsində MEK əməkdaşları ŞAR Elmi Kitabxanasının fəaliyyəti ilə yaxından tanış olub, eyni zamanda YAP Şamaxı rayon təşkilatının və YAP Yasamal rayon təşkilatının, Şamaxı Rayon İcra Hakimiyyətinin, MEK-in və ŞAR-ın birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi” mövzusunda keçirilən lektoriyada iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev Milli Qurtuluş Gününün tarixinə nəzər salıb, bu günün xalqımızın taleyində böyük əhəmiyyət daşıdığını bildirib. “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı dövründə ölkədə xaotik vəziyyət hökm sürürdü, Azərbaycan xalqının yeganə güman yeri Ulu Öndər Heydər Əliyev idi. Ölkəmizin bu gün var olması üçün dahi liderin xidmətləri əvəzolunmazdır və bu siyasət Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin tarixinə qızıl hərflərlə yazılan bu gün eyni zamanda, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir”- deyə professor Məmməd Əliyev qeyd edib. Çıxış edənlər ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov, millət vəkili Naqif Həmzəyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Vətənin dar günündə ictimiayyətin, ziyalıların xahişi ilə Bakıya gələn ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətindən danışıblar, onun hakimiyətə qayıdışının dövlətimizin xilası üçün müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar. Xocalı sakini Mürvət Məmmədov bildirib ki, Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra alıb. Tədbirdə, MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən hazırlanan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə bağlı videoçarx nümayiş olunub. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 (daxili 14-14)