MEK əməkdaşları Mərkəzi və Şərqi Avropa dövlətlərinin Vikimedia konfransında iştirak ediblər
21-09-23
AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisləri Xəyalə Məmmədli və Rövşən Məmmədli Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mərkəzi və Şərqi Avropa dövlətlərinin “Vikimedia 2023 konfrans”ında iştirak ediblər. Ümumilikdə 36 ölkənin vikimediaçılarının iştirakı ilə keçirilən beynəlxalq görüşə Şərqi və Mərkəzi Avropa ölkələri, Mərkəzi Asiya respublikalarından nümayəndələr qatılıblar. Tbilisi Dövlət Universitetində baş tutan konfransın işi müxtəlif təqdimatlar, qarşılıqlı diskussiya formatında olub. Bu müddət ərzində MEK əməkdaşları digər ölkələrdən olan vikipediyaçılar ilə konstruktiv əlaqələr quraraq onları əməkdaşlığa dəvət ediblər. Müxtəlif dillərdə olan onlayn ensiklopediyada Azərbaycan, Qarabağ münaqişəsi haqda məqalələrdə səhv məlumatların düzəldilməsi və əlavə edilməsi barədə fikir mübadiləsi aparmaq üçün rus dili Vikipediyasının rəhbəri Stas Kozlovski, inzibatçısı və Vikipediya Fondunun qəyyumlar şurasının üzvü Viktoriya Doronina, eləcə də Gürcüstan, Ukrayna, Çexiya, Türkiyə, Polşa, Kipr, Xorvatiya və s. ölkə təmsilçiləri ilə görüşlər baş tutub. Həmçinin təmsilçilərimiz Moldovalı Vikipediya üzrə mütəxəssis və analitik Violeta Frimu-Patelə Azərbaycan Vikipediyasının bugünkü inkişafı, gələcək planlar haqqında ətraflı müsahibə verib, gələcək əməkdaşlıqlar haqqında müəyyən müzakirələr aparıblar. Qeyd edək ki, sözügedən konfransın tarixi on bir ilə dayanır. Belə ki, ilk görüş 2012-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmişdi.