MEK əməkdaşları “Kitabxanalarda elm, texnologiya və informasiya (Libway-2023)” adlı beynəlxalq elmi-praktiki konfransda çıxış ediblər

28-03-23

20-22 mart 2023-cü il tarixində Rusiyanın Novosibirsk şəhərində “Kitabxanalarda elm, texnologiya və informasiya (Libway-2023)” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Rusiya Elmlər Akademiyası (REA) Sibir Bölməsinin Dövlət İctimai Elmi Texniki Kitabxanasının 105 illik yubileyi çərçivəsində baş tutan konfransda 13 ölkədən 200-dən çox alim və tədqiqatçılar iştirak edib. Azərbaycanı burada AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, dosent Şəhla Tahirqızı və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova təmsil ediblər. Onlayn şəkildə qoşulan əməkdaşların “Azərbaycanda kitabxanaçılıq təhsili: tarixi və inkişaf perspektivləri” mövzusunda məruzələri dinlənilib. Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb, hər iki kitabxananın əməkdaşlıq əlaqələri haqqında danışılıb. Qeyd edək ki, mütəmadi olaraq təşkil olunan konfransda kitabxana və sənəd işi, kitab mədəniyyəti, kitabxanada süni intellekt, sosial mediada kitabxana və bu kimi digər məsələlər ətrafında məruzələr dinlənilir, müzakirələr aparılır.