MEK əməkdaşları Əqli Mülkiyyət Agentliyində “Heydər Əliyev və kitabxana” mövzusunda keçirilən konfransda iştirak ediblər

22-05-23

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Kitabxana” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizin müxtəlif ali məktəb kitabxanalarının əməkdaşları və tələbələri, həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, dosent Şəhla Tahirqızı və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova iştirak ediblər. Tədbirdə çıxış edən RETK-nın direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun 1-ci müavini Mübariz Məmmədli kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi həyatının daha da canlanmasına təsiri baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.MEK -in icraçı direktoru, dosent Şəhla Tahirqızı, Azərbaycan Texniki Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva, Azərbaycan Milli Kitabxanasının Elmi-metodiki şöbəsinin müdiri Aygün Koçak və digərləri çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, mövzu haqqında fikirlərini bölüşüblər. Tədbirdə “Ulu Öndər Heydər Əliyev” və “Kitabxanamız” mövzularında videomateriallar nümayiş olunub. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.