MEK əməkdaşları 21 oktyabr Beynəlxalq məktəb kitabxanaları günü münasibətilə 262 nömrəli orta məktəbdə olublar

20-10-22

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşı 21 oktyabr Beynəlxalq məktəb kitabxanaları günü münasibətilə Bakı şəhəri Nizami rayonunun Türkan qəsəbəsində yerləşən 262 nömrəli tam orta məktəbdə olublar. Məktəbin Kitab klubunda şagirdlərin də iştirakı ilə təşkil olunmuş tədbirdə direktor Kəmalə Babayeva məktəbdə görülən işlər, həyata keçirilən tədbirlər barədə ümumi məlumat verib. O, 21 oktyabr Beynəlxalq məktəb kitabxanaları gününə diqqət çəkərək kitabxanaların bütün dünya, həmçinin ölkə tarixində önəmindən söhbət açıb. Sonra Kitab klubunun sədri və Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfa Fərəcova artıq bir ildir məktəblilərə xidmət göstərən Kitab klubunun fəaliyyətindən danışıb. Bildirib ki, klubu yaratmaqda məqsəd şagirdlərdə kiçik yaşlarından kitaba, mütaliəyə marağı artırmaqdır. Klubun üzvləri olan şagirdlərlə hər ay müxtəlif mövzulu kitabların müzakirəsini keçirdiklərini qeyd edən Şəfa Fərəcova şagirdlərin də kitab oxumağa çox maraqlı olduqlarını deyib. Daha sonra MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı məktəbdə olduqlarından məmnunluğunu diqqətə çatdırıb. İcraçı direktoru olduğu Mərkəzi Elmi Kitabxananın gördüyü işlər – oxuculara xidmət, buradakı keçirilən müxtəlif səpkili tədbirlər, seminarlar, eləcə də ölkədəki bir çox təhsil ocaqlarının buraya etdiyi ekskursiyalar haqqında iştirakçıları məlumatlandırıb. Bundan əlavə, 262 nömrəli tam orta məktəb ilə bundan sonra da əməkdaşlığın davam edəcəyinə inandığını bildirib. Daha sonra MEK tərəfindən məktəbə Cəlil Məmmədquluzadənin, Mir Cəlalın, Abdulla Şaiqin seçilmiş əsərləri, “Oxu mədəniyyəti keçmişdən bu günə” (Knyaz Aslan), “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Pələng dərisi geymiş pəhləvan” (Şota Rustaveli), “Oliver Tvist” (Çarls Dikkens) və s. Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə dair kitablar hədiyyə olunub. Tədbir zamanı məktəb şagirdlərinin müxtəlif mövzularda çıxışları dinlənilib, şeirlər səsləndirilib.