MEK əməkdaşının məqaləsi beynəlxalq konfransda böyük maraqla qarşılanıb

13-01-23

Udmurt Respublikası Milli Kitabxanası Udmurt Respublikasının Mədəniyyət Nazirliyi və Avrasiya Kitabxana Assambleyasının dəstəyi ilə 6 dekabr 2022-ci ildə “Kitabxana kolleksiyaları nadir və qiymətli sənədlərin öyrənilməsi və təbliği aspektində” regionlararası elmi-praktik konfrans keçirib. Konfransda Özbəkistan, Qazaxıstan, Belarus, Rusiya və Azərbaycandan kitabxana, təhsil, mədəniyyət sahələrinin mütəxəssisləri iştirak ediblər. Sözügedən konfransa AMEA Mərkəzi Elmi Kitabxanasının Nadir kitablar və qiymətli nəşrlər fondunun müdiri Sevil Məmmədova “Nadir kitablar və qiymətli sənədlər kolleksiyalarının formalaşdırılması prinsipləri” adlı məqaləsi ilə qatılıb. Məqalədə MEK-də təbii, sosial-iqtisadi, siyasi və digər elmlər sahəsində dünya xalqlarının 50 dilində ədəbiyyatın qorunduğu qeyd olunub. O cümlədən MEK-də qorunan Azərbaycan, rus, türk, ərəb, ingilis, alman, fransız və başqa dillərdə olan XII-XXI əsrlərə aid nadir nəşrlər haqqında geniş məlumat verilib. Sevil Məmmədovanın məruzəsi konfrans iştirakçılarının böyük marağına səbəb olub və Udmurt Respublikası Milli Kitabxanasının direktoru T.Tensina tərəfindən MEK-in baş direktoru Məmməd Əliyevin adına təşəkkür məktubu ünvanlanıb. Məktubda həmçinin qeyd olunub ki, tezliklə konfrans materialları toplu şəkildə çap olunacaq və elektron kitabxanada (eLIBRARY) yerləşdiriləcək.