MEK əməkdaşı "Qutsal yolçu" adlı kitabın təqdimatında iştirak edib

14-03-23

44 günlük Vətən müharibəsində şəhər və kəndlərimizin işğaldan azad olunmasında rəhbərlik etdiyi artilleriya heyəti ilə şücaət göstərib, noyabrın 8-də Laçın döyüşləri zamanı şəhid olmuş mayor Emin Süleymanovun əziz xatirəsinə həsr edilən "Qutsal yolçu" adlı kitabın təqdimatı keçirilib. Tədbirdə millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə iştirak edib. Kitabın müəllifi Şahanə Müşfiqdir. Burada E.Süleymanovun həyat yolu, 25 illik hərbi xidməti, Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu ailəsinin, dostlarının, əsgərlərinin, döyüş yoldaşlarının xatirələri əsasında əks olunub. Həmçinin, kitabda şəhid mayor haqqında müxtəlif zamanlarda dövri-mətbuatda işıq üzü görən məqalələr, ona həsr olunmuş şeirlər də toplanıb. Qəhrəman hərbçi ömrünün şəhadətə qədərki dövrü həyatının fərqli zamanlarına aid şəkillər də kitabda öz əksini tapıb. Qeyd edək ki, sözügedən kitabın bir nüsxəsi də MEK-in fonduna daxil olub.