MEK-ə üzv olan oxucuların sayı artır
08-09-22
Müxtəlif elm sahələrini əhatə edən nəşrlərlə zəngin olan, ölkənin ən qabaqcıl kitabxanaları sırasında yer alan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) üzv olan oxucuların sayı günbəgün artır. 2022-ci ilin 7 ayı ərzində Mərkəzi Elmi Kitabxanada 700-ə yaxın, avqust ayında isə 65-dən artıq yeni oxucu qeydiyyatdan keçərək üzvlük kartı əldə edib. Onlardan 20-yə yaxını Qarabağ və Vətən müharibəsi qaziləri və veteranları, 200-ə yaxını isə AMEA-nın əməkdaşları, həmçinin dissertantları, doktorantları və magistrlarıdır. Üzv olan oxucular sırasında tələbələr və müstəqil araşdırmaçıların da sayı az deyil. Müxtəlif təbəqələrdən olan oxucuların MEK-in fondlarına müraciət etmələrinə əsas səbəb kitabxanada bütün elm sahələrini əhatə edən nəşrlərin çoxluğu, fondların müasir üslubda təşkili və oxucuların rahatlığı üçün hər cür şəraitin mövcud olmasıdır.