MEK-ə tacik dilində “Şuşa-Azərbaycanın tarixi mədəniyyət paytaxtı” adlı kitab daxil olub
06-01-23
AMEA Mərkəzi Elmi Kitabxanasına professor Elçin Əhmədovun tacik dilində nəşr olunmuş “Şuşa-Azərbaycanın tarixi mədəniyyət paytaxtı” adlı kitabı daxil olub. Kitab Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev tərəfindən təqdim edilib. “Şuşa İli” çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və ölkəmizin Tacikistan Respublikasındakı Səfirliyinin dəstəyi ilə nəşr olunan kitab əks olunan materialların əhatəliliyinə görə seçilir. Kitaba Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsi və əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri haqqında məlumatlar və fotoşəkillərdən ibarət ayrıca fəsillər daxil edilib. Şuşanın müxtəlif tarixi mərhələlərini, işğaldan əvvəl, işğal vaxtı, azad edildikdən sonrakı dövrlərini əks etdirən çoxsaylı fotolar, o cümlədən ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşaya səfərləri vaxtı çəkilmiş fotolar nəşrə daxil edilib. Sözügedən kitab tədqiqatçılar üçün dəyərli elmi mənbədir.