MEK-ə “Şuşa – Azərbaycanın incisi” adlı kitab daxil olub
07-02-23
AMEA Mərkəzi Elmi Kitabxanasına Riqa şəhərində latış dilində nəşr edilən “Şuşa – Azərbaycanın incisi” kitabı daxil olub. Professor Kaspars Klavinş, professor Elçin Əhmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanovanın həmmüəllifi olduğu kitab Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə latış dilində işıq üzü görən ilk nəşrdir. Riqa şəhərində nəfis tərtibatda çap edilmiş kitabda Şuşa şəhərinin tarixi, mədəni irsi və görkəmli şəxsiyyətləri, Ümummilli lider Heydər Əliyevin Şuşanın inkişafına göstərdiyi qayğı və Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşanın işğaldan azad olunmasından sonra burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, sözügedən kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə “Şuşa İli” çərçivəsində nəşr olunub.