MEK-ə akademik Fikrət Əliyev tərəfindən dəyərli nəşrlər hədiyyə olunub
01-11-22
Mərkəzi Elmi Kitabxanaya AMEA Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, akademik Fikrət Əliyev tərəfindən dəyərli elmi jurnallar hədiyyə edilib. Hədiyyə olunan nəşrlər sırasına “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) və “TWMS Journal Pure and Applied Mathematics” beynəlxalq jurnalları, eləcə də Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VI, VII və VIII Beynəlxalq konfranslarından seçilmiş məqalələri əhatə edən jurnallar daxildir. Qeyd edək ki, “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) beynəlxalq jurnalı Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilir. Jurnalın fəxri redaktoru İllinoys Universitetinin (ABŞ) professoru Tamer Başar, baş redaktorları – Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Ukrayna MEA-nın Mexanika Problemləri İnstitutunun professoru Vladimir Larindir. Nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələrin dərc edildiyi “TWMS Journal Pure and Applied Mathematics” jurnalı 2010-cu ildən ingilis dilində nəşr olunur. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 30-dan artıq ölkənin universitet və elmi mərkəzlərində yayılır. Jurnalın baş redaktoru AMEA Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyevdir. Jurnalın məsul redaktoru institutun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qəmər Məmmədovadır. Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma Konfransın əsərləri 2018 və 2020-ci illərdə “Web of Science” bazasına daxil olub. Məhz həmin illərdə Azərbaycan alimlərinin çap etdirdikləri məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında 1-ci yerə çıxıb.