MEK-də Yunis Hüseynovun “Qarabağ-Şuşa” adlı kitabının təqdimatı keçirilib
26-10-22
“Şuşa İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tədbirlər planına əsasən Şuşa ziyalıları ilə görüş keçirilib. Görüşdə Şuşa ziyalılarının nümayəndələrindən biri, "Ali dərəcəli müəllim" adına layiq görülmüş pedaqoq, 2007-ci ildə "Tərəqqi" medalları ilə təltif edilmiş tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun “Qarabağ-Şuşa” adlı kitabının təqdimatı baş tutub. Təqdimatı giriş nitqi ilə açan MEK-in baş direktoru professor Məmməd Əliyev qonaqları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi önəmini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. “44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən Suşa şəhəri erməni işğalından azad edildi və bu gün şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Doqquz kitabın və çoxlu sayda elmi-publisistik məqalənin müəllifi olan Yunis Hüseynov ərsəyə gətirdiyi növbəti kitabında da ermənilərin dağıdıcı fəaliyyətlərini tarixi dəlillərlə sübuta yetirməyə çalışıb. Onun “Qarabağ-Şuşa” adlı kitabında Şuşanın daxilində və ətrafında mövcud olan yer adları və başqa tarixi hadisələr şərh olunur. Eləcə də Şuşanın yetirdiyi tarixi şəxsiyyətləri, elmi, ədəbiyyatın inkişafı hərtərəfli araşdırılır”. Çıxışı zamanı baş direktor, təqdimatı baş tutan bu kitabı yaxın zamanda dünya rəqəmsal platformalarına daxil etmək istəyini də qeyd edib. Həmçinin baş direktor MEK-in ərsəyə gətirdiyi “Şuşa-270” adlı biblioqrafik göstəricinin də məhz “Şuşa İli”nə töhfə olduğunu diqqətə çatdırıb. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxışı zamanı Şuşanın tanınmış ziyalılarından danışıb. Bildirilib ki, şəhərin inkişafında böyük töhfəsi olan nəslin nümayəndələrindən biri də Yunis Hüseynovdur. Çıxışçı müəllifin həm pedaqoq kimi, həm də insan olaraq yüksək keyfiyyətlərə sahib olduğunu vurğulayaraq Azərbaycanın əzəli torpağına həsr olunmuş sanballı kitabın ərsəyə gətirməsini yüksək qiymətləndirib. Tədbirdə çıxış edən kitabın redaktoru tarix elmləri doktoru, professor, Zabil Bayramlı bildirib ki, müəllifin əsəri vaxtında işıq üzü görən elmi əsərdir. Alim Qarabağ-Şuşa əsərində Qarabağın təbii-coğrafi mövqeyindən başlayaraq, dövrümüzə qədər əyalətin tarixini araşdırmış, adət və ənənələrini, inkişaf mərhələlərini, müstəqil qarabağ xanlığının yaranmasını, onun siyasi-iqtisadi, mədəni və sosial məsələləri bir daha diqqətə çatdırıb. Bu baxımdan əsərin dəyərli elmi mənbə olduğunu diqqətə çatdırıb. Daha sonra təqdimatda iştirak edən Şuşa ziyalıları çıxış ediblər və müəllif, eləcə də dərc olunmuş kitab haqqında ürək sözlərini ifadə ediblər. Bildirilib ki, Yunis Hüseynov tükənməz yaradıcılıq enerjisinə sahib bir insandır. Ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonda çıxış edən kitabın müəllifi Yunis Hüseynov kitabın təqdimatında yaradılan şəraitə görə MEK rəhbərliyinə dərin təşəkkürünü bildirib və sözügedən əsərini kitabxanaya hədiyyə edib.