MEK-də YAP-ın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

28-10-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyi qeyd olunub. Əvvəlcə tədbir iştirakçıları MEK-in foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, dahi lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva və MEK əməkdaşlarının iştirak etdiyi tədbiri MEK-in baş direktoru professor Məmməd Əliyev açaraq, 30 il öncə yaranan Yeni Azərbaycan Partiyasının cəmi altı ay sonra iqtidar partiyasına çevrildiyini bildirib. Baş direktor yenidən Azərbaycanda hakimiyyətə gələn Ümummili Liderin böyük qətiyyəti və iradəsi nəticəsində dövlətçiliyimizin möhkəmləndirilməsi yolundakı maneələrin məharətlə dəf edildiyini vurğulayıb. “Bir neçə gün sonra xalqımız torpaqlarımızın erməni işğalından azad edilməsinin ildönümünü qeyd edəcək. Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Dahi rəhbərin bu arzusunu onun layiqli davamçısı Prezident İlham Əliyev yerinə yetirdi. Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsi olan tarixi Zəfərimiz Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu bütün dünyaya sübut etdi”- deyə, professor Məmməd Əliyev vurğulayıb. Baş direktor çıxışı zamanı onu da qeyd edib ki, AMEA Mərkəzi Elmi Kitabxanası bir təşkilat olaraq YAP-ın ətrafında sıx birləşərək partiyanın siyasi istiqamətinin daim dəstəkçisidir. Mərkəzi Elmi Kitabxana bu gün sıralarında yüzlərlə həmfikiri birləşdirir. YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP-ın yaranmasının 30-cu ildönümü münasibətilə tədbirə toplaşanları təbrik edib və partiyanın tarixinə nəzər salıb. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçilb. Bəxtiyar Nəbiyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra qısa müddətdə daxili sabitliyi təmin etdiyini, rəhbərliyi altında ölkənin mühüm addımlara imza atdığını vurğulayıb. Qeyd olunub ki, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçildikdən sonra həm partiyanın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə torpaqlarımızı düşməndən azad etdi. Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Bəxtiyar Nəbiyev onu da qeyd edib ki, Mərkəzi Elmi Kitabxana Təşkilatın ilk onluğunda olan ərazi partiya təşkilatlarından biridir. Tədbirdə çıxış edən MEK-in əməkdaşı Şölə Hüseynova da öz növbəsində tələbəlik illərində Heydər Əliyevlə görüşü ilə bağlı xoş xatirələrini bölüşüb. Daha sonra ictimai-siyasi fəaliyyətlərinə görə YAP-a üzv olan kitabxana əməkdaşları - MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı, Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, Nadir kitablar və qiymətli nəşrlər fondunun əməkdaşı Sevinc Məcidova, Sənədlərlə iş şöbəsinin əməkdaşı Şəhla Aslanova YAP Yasamal Rayon Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər. Tədbir müddətində Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən qısa film nümayiş olunub, həmçinin MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən sərgilənən nəşrlərə baxış keçirilib.