MEK-də “Yadigarlar” silsiləsindən görüş keçirilib

19-12-22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Yadigarlar” silsiləsindən Xalq yazıçısı, görkəmli alim Əzizə Cəfərzadənin 101 illiyi ərəfəsində oğlu Turan İbrahimovla görüş keçirilib. Tələbələrin üstünlük təşkil etdiyi görüşdə, MEK-in baş direktoru professor Məmməd Əliyev görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin janr baxımdan rəngarəng əsərlərin müəllifi olduğunu, Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına ciddi töhfələr verdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın tarixən çətin dövründə öz yaradıcılığı ilə bir-birindən maraqlı əsərlər ərsəyə gətirən Ə.Cəfərzadə milli-mənəvi dəyərlərin qorunmasında yorulmadan fəaliyyət göstərib. “Bu gün müstəqil və müasir Azərbaycanda Əzizə Cəfərzadənin əsərlərinə yeni prizmadan baxılır. Elmlə yazıçılıq vəhdət etdikdə bu cür dəyərli əsərlər ortaya çıxır. İnanıram ki, bu cür görüşlər davamlı olacaq. Azərbaycan ədəbi tarixində özünəməxsus yeri olan yazarlar MEK-in tərəfdaşlıq etdiyi beynəlxalq rəqəmsal platformalar vasitəsilə daha geniş auditoriyaya tanıdılacaq. Yazıçının nəşrləri mek.az saytında elektron versiyada yerləşdirilib”- deyə, MEK-in baş direktoru bildirib. Sonra Xalq yazıçısının oğlu Turan İbrahimov anası ilə bağlı xatirələrini bölüşüb, görkəmli yazıçının həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verib. Həmçinin Əzizə Cəfarzadənin 100 illik yubileyi münasibəti ilə çap etdirdiyi, 12 cilddən ibarət “Seçilmiş əsərləri” və digər maraqlı kitablardan danışıb. “Birinci cild- yazıçının ilk kitabı "Natəvan haqqında hekayələr"i ilə başlayır. Müəllifin "Seçilmiş əsərləri"ndə, Şirvanda yaşayıb-yaratmış Azərbaycanın üç görkəmli sənətkarının həyatından bəhs edən trilogiya, “İşığa doğru” romanı, "Bir səsin faciəsi", "Xəzərin göz yaşları", "Eşq sultanı", "Rübabə Sultanım" yarı-bioqrafik romanı, povestləri, hekayələri nəşr edilib. Hekayə və povestlərin bir qismi Əzizə Cəfərzadənin 1948-ci ildə çap edilmiş və Moskvanın qərarı ilə mətbəədən yığışdırılaraq yandırılmış "Hekayələr" kitabına daxil olan, həmçinin 1948-1963-cü illər ərzində nəşr olunmağa icazə verilmədiyi dövrdə yazdığı əsərlərdir. Kitabların bir qismi artıq müxtəlif dillərə, o cümlədən türk və özbək dillərinə tərcümə edilərək nəşr olunub”-deyə, Turan İbrahimov vurğulayıb. Yazıçı Kənan Hacı öz növbəsində Ə.Cəfərzadənin zəngin ədəbi irsi, o cümlədən millətimizin başına gətirilən bəlalardan ən haqsızı - 1938-ci ildəki repressiya dalğasını əks etdirən, yazıçının sağlığında dərc olunmuş “Xəzərin göz yaşları” adlı sonuncu romanı haqqında məlumat verib. Disskussiya şəklində keçən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.