MEK-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
29-02-24
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) YAP Yasamal rayon təşkilatının və MEK-in birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə millət vəkilləri, YAP Yasamal rayon təşkilatının sədri və üzvləri, Xocalı sakinləri, alimlər iştirak ediblər. Qonaqlar MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan, Xocalı soyqırımının dəhşətli və faciəli səhifələrini əks etdirən fotoşəkillər, müxtəlif dillərdə kitab və jurnalların nümayiş etdirildiyi sərgiyə baxış keçiriblər. Daha sonra Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. MEK-in direktoru professor Məmməd Əliyev çıxışı zamanı Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildirib. Qeyd olunub ki, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Hazırda bu tarixi fərqli aspektdə qeyd etdiyimizi vurğulayan professor Məmməd Əliyev diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Xocalıda bu gün üçrəngli bayrağımız dalğalanır və artıq qayıdış konsepsiyasına start verilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Xocalı soyqırımının hüquqi-siyasi qiymətinin 1994-cü il fevralın 24-də müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladıb. Bu faciənin törətdiyi fəsadlardan da danışan rayon təşkilatının sədri xalqımızın bu tarixi artıq başqa abu-havada qeyd etdiyini bildirib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan baş vermiş faciənin 32-ci ildönümündə Xocalı şəhərində Memorial Kompleksin bünövrəsini qoydu. Çıxışçı, həmçinin Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən və Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından da danışıb. Millət vəkili Naqif Həmzəyev hər dəfə Xocalı faciəsinin ildönümündə bu acını-ağrını yenidən hiss etdiyimizi bildirib: “Zəfər çalmış millət olaraq təkcə Xocalı qurbanlarının deyil, bütün şəhidlərimizin qisasını ədalətli və ləyaqətli formada almışıq”,- deyə deputat vurğulayıb. Tədbirdə iştirak edən BDU-nun professoru, tarixçi Nuru Məmmədli soyqırımın tarixi köklərinə nəzər salıb. Xocalı faciəsinin şahidi Mürvət Məmmədov həmin ağrılı illəri bir daha xatırlayıb. Hollandiyada yaşayan həmyerlimiz Mayisə Ağamirzəyeva Gündoğdu həmin ölkədə Xocalı faciəsinin tanıdılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, bu işlər çərçivəsində Xocalı həqiqətləri haqqında özünün silsilə məqaləsi Hollandiyanın nüfuzlu jurnallarında dərc olunub. Qonaq həmin jurnalları MEK-ə təqdim edib.