MEK-də Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
24-02-23
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə tələbələr, MEK əməkdaşları iştirak ediblər. Öncə faciə qurbanlarının və Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru professor Məmməd Əliyev Xocalı soyqırımı, səbəbləri və nəticələri haqqında ətraflı məlumat verib. Baş direktor bildirib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tarixə düşüb. “Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyiblər. O gecə həlak olanlar respublikamızın ərazi bütövlüyü, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə həlak olması, Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Yalnız Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. Bu gün möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasi rəhbərliyi altında dövlətimiz daha qətiyyətli, xalqımız mübarizdir. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Nə qədər Azərbaycan var şəhidlərimizin, faciə qurbanlarının əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır. Bir kitabxana olaraq biz də hər il qan yaddaşımız olan bu faciəni anırıq: sərgi təşkil olunur, tədbirlər keçirilir, Xocalı sakinlərini ziyarət edirik”- deyə baş direktor vurğulayıb və tədbir iştirakçılarını həmin sərgiyə baxmağa dəvət edib.