MEK-də “Vikipediya” təlimlərini uğurla başa vuran növbəti qrupa diplomların təqdim olunması mərasimi keçirilib.

25-04-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”ya cəlb olunan növbəti qrup təlimləri uğurla başa vurub. “Qorqud” Vikipediya Metodik Klubunun, eləcə də YAP Yasamal rayon təşkilatının tərəfdaşlığı ilə Mərkəzi Elmi Kitabxanada həyata keçirilən təlimlərə bu dəfə Bakı Dövlət Universitetinin Filologiya və Kitabxanaçılıq-İnformasiya fakültələrinin tələbələri qoşulub. Sözügedən təlimləri uğurla başa vuran tələbələrə, həmçinin MEK-in Elektron resurslar şöbəsinin bir qrup əməkdaşına diplomların və sertifikatların təqdim olunması mərasimi keçirilib. Öncə tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək “Vikipediya”nın dəyərli bir mənbə olduğunu xatırladıb. Baş direktor bildirib ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsi informasiya savaşında da uğurlarımızı şərtləndirir. “Postmüharibə dövründə Azərbaycan haqqında informasiyanı dünyaya düzgün şəkildə çatdırmaq hər birimizin öhdəsinə düşən vətəndaş borcudur. Bu baxımdan burada təlim keçən “Vikipediya” könüllülərinin Azərbaycan bölməsində yaratdığı məqalələr, bununla da Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinə verdiyi töhfə çox dəyərlidir”- deyə baş direktor bildirib. “Qorqud” Vikipediya Metodik Klubunun sədri, millət vəkili Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və MEK-in Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova çıxışları zamanı bütün dünyada insanların ilkin mənbə olaraq müraciət etdiyi vikipediyanın mövqeyinin daha da möhkəmləndiyini qeyd ediblər. Çıxışçılar bu informasiya resursunda Azərbaycan haqqında materialların zənginləşdirməyin vacib bir məsələ olduğunu da bildiriblər və tələbələrə bu çətin, lakin şərəfli yolda uğurlar arzulayıb. Bildirilib ki, aprel ayından başlayan təlimlərdə iştirakçılar virtual ensiklopediyada məqalələrin yaradılması, redaktə edilməsi, digər dillərdən Azərbaycan dilinə məqalələrin tərcümə edilməsi və yerləşdirilməsi istiqamətində mühüm biliklər əldə ediblər. Layihə müddətində 100-ə yaxın məqalə yaradılıb və redaktə olunub. Sonda təlimləri başa vuran iştirakçılar diplom və sertifikatlarla təltif ediliblər. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)