MEK-də Ümummilli Liderin əziz xatirəsi yad edilib

12-12-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru, professor Məmməd Əliyev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Görkəmli dövlət xadiminin respublikaya rəhbərliyinin birinci dövründə Azərbaycanın geridə qalmış aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildiyini, ötən əsrin 70-80-ci illərində ali təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradıldığını, maddi-texniki bazasının qurulduğunu, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması, Azərbaycanın milli təhsil sisteminın əsasının qoyulması üçün fövqəladə işlər görüldüyünü vurğulayıb. Direktor xalqın təkidi ilə Azərbaycana qayıtdıqdan sonra, Heydər Əliyevin müdrikliyi, müstəsna iradə və qətiyyəti sayəsində alovlanmaqda olan vətəndaş müharibəsinin qarşısının alındığını, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərqərar edildiyini, aparılan köklü islahatlar nəticəsində, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü qeyd edib. Ulu Öndərin 100 illik yubileyi çərçivəsində AMEA-da silsilə tədbirlər keçirildiyini diqqətə çatdıran professor Məmməd Əliyev görülən işlərdə MEK-in yaxından iştirak etdiyini vurğulayıb. Bildirib ki, cari ildə kitabxananın Elektron resurlar şöbəsinin “Heydər Əliyev – 100 məqalə” layihəsi artıq Vikipediyada yerləşdirilib, MEK tərəfindən “Heydər Əliyev İli”nə töhfə olaraq “Heydər Əliyev 100” təqvimi, eləcə də “Ulu Öndərin müdrik fikirləri” adlı audiodisk ərsəyə gəlib. Bundan əlavə, MEK-in təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfransın baş tutduğunu, sərgilərin, kitab təqdimatlarının, o cümlədən “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri” adlı lektoriyanın keçirildiyini diqqətə çatdırıb. MEK rəhbəri, həmçinin vurğulayıb ki, kitabxana tərəfindən Ulu Öndərin zəngin siyasi irsini özündə əks etdirən biblioqrafik göstərici hazırlanaraq artıq çapa göndərilib. Direktor Ulu Öndərin ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, 30 ildən bəri düşmən əsarətində olan Qarabağın əbədi azadlığına qovuşduğunu, antiterror tədbirləri ilə başlayan və sonda Xankəndində Azərbaycan bayrağının qaldırılması ilə ölkəmizin növbəti zəfərə nail olduğunu böyük qürurla bildirib. Anım tədbirində çıxış edən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən birinin Azərbaycançılıq məfkurəsinin, milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrildiyini qeyd edib. M.Göyüşlü, görkəmli dövlət xadimi Heydər Əliyevin sovet hökumətinin ən sərt dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdığını, uzaqgörən siyasəti nəticəsində bu tədris ocağında ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrların hazırlandını bildirib. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüsün böyük hünər tələb etdiyini, bunu yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər tərəfindən edildiyini vurğulayıb. Çıxışının davamında M.Göyüşlü müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, qətiyyətli və məqsədyönlü siyasətinin uğurundan söz açıb, həmçinin xalqın qarşıdakı növbədənkənar Prezident şeçkilərində Ulu Öndər siyasətinin layiqli davamçısına səs verəcəyini əminliklə bildirib. Elektron resurslar şöbəsinin əməkdaşı Xəyalə Məmmədli Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən danışıb. X. Məmmədli, “Heydər Əliyev – 100 məqalə” layihəsi çərçivəsində yaradılan məqalələrin əsasən Heydər Əliyevin Sərəncamı ilə yaradılmış təhsil müəssisələri, müxtəlif dövlət əhəmiyyətli obyektlər, su elektrik stansiyaları, Ulu Öndərin ölümündən sonra onun adını daşıyan respublika miqyaslı muzey və mərkəzlər, olimpiya mərkəzləri, Heydər Əliyevin adının verildiyi orden, mükafat, fond, medallar və bir çox müxtəlif istiqamətlərə aid ensiklopedik əhəmiyyətli kitabları əhatə etdiyini qeyd edib. MEK əməkdaşı Allahverən Allahyarov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. Sonda Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin Ulu Öndər Heydər Əliyev haqqında hazırladığı video nümayiş olunub.