MEK-də təlim keçənlər sertifikatla təltif olunub

11-07-24

MEK-də təlim keçənlər sertifikatla təltif olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ölkəmizdə könüllü “Vikipediya” qruplarının formalaşdırılması məqsədilə keçirilən növbəti təlimlər uğurla başa çatıb.

Mərkəzi Elmi Kitabxanada keçirilən təlimlərə bu dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Natiq Mürsəlov və Sədaqət Bağırova qatılıb.

Onlar bir ay müddətində Vikipediya - virtual ensiklopediyanın təlimlərində iştirak edərək onun incəliklərinə yiyələnib, məqalələr yaratmaq və redaktə etmək qaydaları haqqında geniş məlumat alıblar.

Təlimlərdə aktiv iştirak edən hər iki əməkdaşa MEK-in sertifikatları təqdim edilib.

İştirakçıları təltif edən MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Direktor, Azərbaycanla bağlı tarixi həqiqətlərin dünyaya çatdırılmasında mətbuat, sosial şəbəkələrlə yanaşı, Vikipediyanın rolunun əvəzsiz olduğunu qeyd edib. MEK-in Elektron resurslar şöbəsinin əməkdaşlarının peşəkarlığını diqqətə çatdıran kitabxana rəhbəri sözügedən şöbənin müdiri Reyhan Əhmədovanın və təlimçi Xəyalə Məmmədlinin bu sahədə işini yüksək qiymətləndirib.

Sonda iştirakçılar yaradılan şəraitə görə təşəkkürünü bildirib, təlim müddəti ixtisas sahələri üzrə elektron ensiklopediyada çox sayda məqalələr yaratdıqlarını deyiblər.