MEK-də tanınmış alim və mütəfəkkir Məhəmməd Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfrans keçirilib

02-11-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın tanınmış alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfrans keçirilib. MEK tərəfindən təşkil edilən elmi konfrans alim, tədqiqatçılar və magistrantların iştirakı ilə baş tutub. Elmi konfransda giriş sözü ilə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, dünya fəlsəfə tarixinə Azərbaycanın töhfə verdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Nəsirəddin Tusi özünün çoxcəhətli fəaliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək bir yaradıcılıq yolu keçib. Professor Məmməd Əliyev qeyd edib ki, təkcə fəlsəfəyə aid deyil, dövrünün elmlərinə gərgin əmək sərf edən alimin zəngin irsinin dünyaya çatdırılmasında, geniş şəkildə təbliğ edilməsində ziyalılarımızın intellektual potensialından daha səmərəli istifadə etmək lazımdır. "Konfransın keçirilməsində də əsas məqsəd elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Nəsirəddin Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətinin araşdırılması və bu sahədə araşdırma aparan elmi tədqiqatçıların yaradıcılığının stimullaşdırılması baxımından əhəmiyyətlidir"- deyə, professor Məmməd Əliyev qeyd edib. Alim, həmçinin bu konfransın materialları əsasında məqalələr toplusunun nəşr olunacağını da diqqətə çatdırıb. Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun Cəbr və riyazi məntiq şöbəsinin müdiri, dosent Əli Babayev “N. Tusi bir müəllim kimi”, s.ü.f.d., dosent Eldar Əmirov “N. Tusi dövrünün görkəmli dövlət xadimi kimi”, f.ü.f.d., dosent Əkrəm Bağırov “Xacə Nəsirəddin Tusi (1201-1274) əsərlərinin tərcüməsi və nəşri haqqında” və digər mövzularda tədqiqatçıların maraqlı məruzələri dinlənilib. Məruzələrdə Azərbaycanın ensiklopedik biliyə malik tarixi şəxsiyyətləri sırasında N.Tusinin xüsusi yerə malik olduğu, dərin fəlsəfi bilik sahibi kimi onun elmdə böyük uğurlara imza atdığı vurğulanıb.