MEK-də “Şuşa İli” çərçivəsində dəyirmi masa keçirilib
25-04-22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodiki təminat şöbəsi “Kitabxanalarda “Şuşa İli”nə həsr olunmuş kütləvi tədbirlər” adlı dəyirmi masa keçirib. Dəyirmi masanı giriş nitqi ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev “Şuşa İli” çərçivəsində ölkə üzrə silsilə tədbirlərin keçirildiyini qeyd edib. Baş direktor Qarabağı bizlərə qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayaraq Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın əsl tarixi simasının bərpası yönündə həyata keçirilən layihələrdən, şəhərin sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmasından danışıb. Alim kitabxana olaraq qarşıda duran vəzifələri, ölkəmizin milli maraqları naminə müxtəlif dillərdə aparılan tədqiqat, təbliğat işinin vacibliyini də diqqətə çatdırıb. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Şuşa haqqında görkəmli şəxsiyyətlərin fikirlərindən ibarət videoçarx nümayiş edilib. Daha sonra MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədovanın “Kitabxanalarda "Şuşa İli"nə həsr olunmuş kütləvi tədbirlər” adlı məruzəsi dinlənilib. Vurğulanıb ki, həm füsunkar gözəllikləri, həm də istedadlı insanları ilə şöhrət qazanmış Şuşa şəhərini 30 il sonra yenidən qurub yaratmaq, adını və şöhrətini uca tutmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Məruzədə şifahi kütləvi təbliğat formaları, biblioqrafik icmallar, sərgilərin növləri və müasir kitabxana işinin qurulmasında digər vacib məqamlara toxunulub. Məruzəçi istər AMEA elmi kitabxanalarında, istərsə də digər elmi kitabxanalarda keçiriləcək əyani və şifahi kütləvi tədbirlər Şuşa şəhərinin tarixi, memarlığı, görkəmli şəxsiyyətləri, təbiəti, əhalisinin etnik tərkibi və s. haqqında mövzuları daha geniş şəkildə araşdırmağa, öyrənməyə və təbliğ etməyə kömək edəcəyini vurğulayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanasının direktoru Adilə Abdullayeva “Qədim Şuşa kitabxanalarının tarixi” adlı təqdimatla çıxış edib. Təqdimatda bildirilib ki, Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış, fondunda olan kitablar, nadir və unikal nüsxələr talan edilərək külli miqdarda maddi və mənəvi zərər yetirilib. Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tar.ü.f.d., dosent Nadir İsmayılov, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tar.ü.f.d. Eldəniz Məmmədov, BDU Elmi Kitabxanasının direktoru, t.ü.f.d. Nigar İsmayılova və digər çıxışçılar Azərbaycan kitabxana sisteminin formalaşmasının tarixinə nəzər salaraq milli kitabxanaçılıq ənənələrinin daha dərin tarixə malik olduğunu bildiriblər və tədbirin təşkilində əməyi keçənlərə, xüsusilə MEK-in rəhbərliyinə təşəkkür ediblər. Tədbirin davamında mövzu ətrafında fikir mübadiləsi aparılıb. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)