MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” adlı kitab təqdim olunub

28-06-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” adlı kitabının təqdimatı keçirilib.

Təqdimatda MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov qeyd edib ki, torpaqlarımızın tam azad olduğu, suveren ölkənin vətəndaşları kimi tarixi kökümüzü araşdırmalı, bu mövzuda zəngin informasiya və analitik materiallarla əks olunan nəşrləri Vətənimizə, gələcək nəsillərə töhfə etməliyik. Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib bir qərar olduğunu vurğulayan direktor, həmçinin Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlərdən, Qərbi Azərbaycan İcmasının aktiv fəaliyyətindən danışıb.

Ardınca kitabın müəllifi Hacı Nərimanoğlu vətənimizin ayrılmaz parçası olan Zəngəzurun tarixi haqqında məlumat verərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabdan danışıb. Diqqətə çatdırılıb ki, kitab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar, Şərqi Zəngəzur iqtisadi rayonu, Zəfər tariximizin xronikası, Şərqi Zəngəzurun dirçəlişi, Böyük Qayıdış, Zəngəzur keçmişdən bu günə, Keçmişi unutmayaq kimi fəsillərlə təqdim olunub. Kitabı yazmaqda məqsədinin ictimaiyyəti maarifləndirmək olduğunu bildirən müəllif sonda daha öncə qələmə aldığı nəşrləri, eləcə də onların elektron variatını kitabxanaya təqdim edib.

Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin kafedra müdiri professor Abbas Abbasov, MEK-in elmi katibi Şəbnəm Rüstəmova, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə çıxış edərək kitabı elmi-tarixi, əhəmiyyətli parktiki və qiymətli elmi mənbə adlandırıblar, müəllifə uğurlar diləyiblər.