MEK-də professor Cəlal Qasımovun əziz xatirəsinə həsr olunmuş “Alim ömrünün işığında” filminin təqdimatı keçirilib

17-05-23

16 may 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış alim, filologiya elmləri doktoru, professor Cəlal Qasımovun əziz xatirəsinə həsr olunmuş “Alim ömrünün işığında” filminin təqdimatı keçirilib. AMEA Folklor İnstitutunun və MEK-in birgə təşkilatçılığı ilə baş tutan sənədli filmin təqdimatında elm və ictimai xadimlər, ziyalılar, alimin ailə üzvləri iştirak ediblər. Təqdimatı açıq elan edən MEK-in baş direktoru, professor Məmməd Əliyev tədbir iştirakçılarını salamlayaraq AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanovu belə dəyərli layihələrin ərsəyə gəlməsi münasibətilə təbrik edib. Bildirib ki, Cəlal Qasımovun tədqiqatlarında repressiyaşünaslıq məsələləri, repressiya qurbanları, görkəmli azərbaycanlı sənətkarların faciəli həyatları, onların ədəbi-nəzəri görüşləri hərtərəfli şəkildə təhlil edilib. Görkəmli alimin əsərlərinin oxucular üçün çox dəyərli elmi mənbə olduğunu qeyd edən baş direktor Məmməd Əliyev onu da diqqətə çatdırıb ki, professorun əsərləri MEK-də tez-tez müraciət olunan kitablar sırasındadır. Professor Məmməd Əliyev çıxışı zaman, həmçinin sözügedən filmin fraqmentində iştirak edərək alimin MEK-də qorunan şəxsi kitab kolleksiyasından, elmi yaradıcılığından bəhs etməkdən məmnun olduğunu bildirib. Daha sonra təqdimatı keçirilən filmə baxış keçirilib. Filmin nümayişindən sonra AMEA Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək professor Cəlal Qasımovu təkrarsız bir şəxsiyyət adlandırıb. O, filmin məhz “Heydər Əliyev İli”ndə çəkilib göstərilməsinin çox böyük simvol olduğunu qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin silahdaşlarından olan, onun azərbaycançılıq ideyasını daşıyıb inkişaf etdirən, bu ideyaya böyük elmi əsərlər həsr edən bir alim haqqında filmin çəkilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib. AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov bildirib ki, professor Cəlal Qasımov öz güclü şəxsiyyətini yazısına gətirən, üsluba, əqidəyə, konsepsiyaya çevirə bilən nadir tədqiqatçılardandır. Cəlal Qasımovun qələmindən çıxan, böyük vətəndaşlıq yanğısının məhsulu olan elmi əsərlər zaman keçdikcə dəyərini artıracaq, onun elmi irsi həmişə yaşayacaq. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq əməkdaşı Seymur Şeydayev, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Altaylı, Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd də çıxış edərək dəyərli alim, təvazökar və xeyirxah insan Cəlal Qasımovla bağlı xatirələrini bölüşüb, ona Allahdan rəhmət diləyiblər. Tədbirin sonunda professor Cəlal Qasımovun oğlu Fuad Qasımov çıxış edərək AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə, filmin layihə rəhbəri, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanova, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyevə, filmin ssenari müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovaya, quruluşçu rejissor Mahir İbrahimova, rejissor Qasım Nağıya, operator Əlsəfdər Məmmədova, səs rejissoru İffət Əsgərova, montaj rejissoru Firdovsi A.Nəbiyevə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.