MEK-də Pakistan guşəsinin açılışı olub
25-04-22
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı çərçivəsində Mərkəzi Elmi Kitabxanada Pakistan guşəsinin açılışı olub. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Prezidenti cənab İlham Əliyevin Pakistanla əlaqələrə böyük əhəmiyyət verdiyini, bu əlaqələrin tamamilə yeni mərhələdə inkişaf etdiyini söyləyib: “Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyyəti ilə olan görüşə qədər əlaqələr tanışlıq mərhələsində idi. Bu münasibətlərin yeni mərhələsinə verdiyi töhfələrə görə AYB-nin sədri, Xalq yazıçısı Anara da minnətdarlıq edirik. Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olaraq Azərbaycan ədəbiyyatı antologiyası və Nizami Gəncəvi haqqında Lahor Dövlət Kollec Universitetində kitab çap olunacaq”. Lahor Dövlət Kollec Universitetinin Urdu Dili Kafedrasının müdiri, professor Saima İram çıxışında iki ölkə arasında sıx dostluq münasibətinin yüzilliyin sınağından çıxdığını vurğulayıb. Professor, Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə çevrilməsi və orada yayılmasına dəstək olacaqlarını bildirib. “Siz Məhəmməd İqbalı sevdiyiniz kimi, biz də Nizami Gəncəvini sevirik”, - deyə alim söyləyib. O, Mərkəzi Elmi Kitabxanaya Pakistan ədəbiyyatı nümunələrini və DVD diskləri təqdim edib. Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi Pakistanla Azərbaycan arasında keçmişdən gələcəyə uzanan mədəni-ədəbi əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Hər iki tərəfin mədəni yaxınlığa, ümumi tarixi təcrübəyə və maraqlara malik olduğunu qeyd edib. Tədbirin sonunda bir sıra azərbaycanlı ziyalılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyyətinin təqdim etdiyi ədəbiyyat nümunələri - pakistanlı şair, filosof və siyasətçi Məhəmməd İqbalın əsərləri və digər dəyərli nəşrlər həm ənənəvi kağız, həm də DVD formatında informasiya daşıyıcılarında MEK oxucularının istifadəsinə verilib. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)