MEK-də “İnformasiya cəmiyyətində mədəni-tarixi irsin qorunması və ötürülməsində kitabxanaların rolu” mövzusunda respublika elmi konfransı keçirilib

26-05-23

Mayın 25-i Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “İnformasiya cəmiyyətində mədəni-tarixi irsin qorunması və ötürülməsində kitabxanaların rolu” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə baş tutub. Konfransda ölkəmizin bir sıra ali təhsil ocaqlarının və kitabxanalarının əməkdaşları iştirak ediblər. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər. Konfransın plenar iclasında açılış nitqi ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edib. Bildirilib ki, bu konfrans Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planı çərçivəsində keçirilir. Baş direktor Məmməd Əliyev onu da qeyd edib ki, cari ilin çərçivəsində MEK tərəfindən ərsəyə gələn və Vikipediyada Ulu Öndər ilə bağlı yaradılan 100 məqalə, eləcə də “Heydər Əliyevin müdrik kəlamları” adlı layihələr və “Görkəmli dövlət xadimi Heydər Əliyev” (AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında) adlı biblioqrafik göstərici tezliklə ictimaiyyətə təqdim ediləcəkdir. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva iştirakçıları salamlayaraq sözügedən konfransın çox mühüm məsələyə həsr olunduğunu qeyd edib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolundan bəhs edən akademik, Ulu Öndərin xalqımızın tarixinə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşərək həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana əvəzsiz xidmətlərindən danışıb. Akademik Gövhər Baxşəliyeva, həmçinin çox mükəmməl təhsil alaraq dərin mütaliəyə sahib bir şəxsiyyət olan Heydər Əliyevin həyatımızın hər bir sahəsinə olduğu kimi elmə, təhsilə daim xüsusi qayğı ilə yanaşdığını qeyd edib. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev də Müstafa Kamal Atatürk kimi həyatını xalqına həsr edib və tariximizdə həlledici rola malik rəhbər olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin də kitaba, kitabxanaya və məhz MEK-ə olan xüsusi diqqətindən danışan akademik, bu gün bu kitabxanada gedən uğurlu fəaliyyətdən, elektron kitabxana quruculuğundan və oxuculara göstərilən müasir xidmətdən bəhs edib. Sonda çıxışçı konfrans iştirakçılarının hər birinə uğurlar arzulayıb. Daha sonra UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, t.ü.f.d. Adilə Abdullayeva “Heydər Əliyev irsi dünya kitabxanalarında” mövzusunda məruzəsi ilə çıxış edib. Məruzəçi Ümummilli Liderin irsi, həyat və fəaliyyətinə dair nəşrləri dünya kataloqunda – “WorldCat”da araşdırdığını qeyd edib. Bildirilib ki, araşdırma zamanı kataloqda Ulu Öndərə həsr olunan 1000-dən çox nəşr müəyyən olunub. Müxtəlif dillərdə olan bu nəşrlərə 710 çap kitabı, elektron kitab, dissertasiya, əlyazma, məqalələr, arxiv materialları, eləcə də 8 mikrofilm daxildir. Adilə Abdullayeva onu da qeyd edib ki, nəşrlər ABŞ, Fransa, Almaniya, Kanada da daxil olmaqla dünyanın 45 kitabxanasında saxlanılır. ADA Universiteti Kitabxanasının direktoru, tex.ü.f.d. Elçin Məmmədovun “Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə elektron biblioqrafik bazaların yaradılması: ADA Universiteti Kitabxanasının təcrübəsi əsasında” mövzusunda məruzəsi də iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çıxışçı qeyd edib ki, bu ilin çərçivəsində Universitet kitabxanası tərəfindən “Heydər Əliyev 100” kolleksiyası formalaşdırılıb və kitablar ətraflı biblioqrafik sahələr üzrə təsvir olunaraq dünya kataloqunda yerləşdirilib. Konfransda BDU-nun Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılovanın “Bakı Dövlət Universiteti Heydər Əliyevin çıxışlarında” adlı məruzəsi dinlənilib. Çıxışçı 104 yaşlı BDU-nun ən şöhrətli məzunları arasında Ümummilli Liderin olduğunu fəxrlə vurğulayıb, prezidentliyi dövründə BDU-ya olan xüsusi diqqətindən danışıb, müxtəlif zaman kəsiyində Heydər Əliyevin Universitet haqqında fikirləri səsləndirilib. Daha sonra konfrans öz işini sessiyalarla davam etdirib. Mövzu ətrafında iştirakçıların çıxışları dinlənilib, təqdimatları nümayiş olunub.