MEK-də “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimatı olub

09-07-24

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimatı olub

Təqdimat mərasimində Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, universitet rektorları, media rəhbərləri və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq dövlət başçısı tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması baxımından bu Sərəncamın əhəmiyyətini qeyd edib.

O, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul edilmiş qərarın Azərbaycanın növbəti tarixi uğuru olduğunu vurğulayıb. AMEA rəhbəri bildirib ki, bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. Belə bir mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim artan beynəlxalq nüfuz və qüdrətindən xəbər verir. Akademik İsa Həbibbəyli digər beynəlxalq səviyyəli tədbirlər kimi, bu mötəbər tədbirin də Azərbaycanda uğurla təşkil olunacağına əminliyini ifadə edib. O,“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirlərinin bir-biri ilə vəhdət təşkil etdiyini, Azərbaycanda strateji inkişafın hərəkətverici qüvvəsinə çevrildiyini qeyd edib.

AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, “yaşıl artım”, “yaşıl texnologiyalar” və s. kimi anlayışlar təkcə söz və məfhum olaraq qalmır, Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə edir. Ölkə başçısının sərəncamları ilə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji”yə keçid Azərbaycan üçün mühüm strateji məqsədlərdəndir. Bütün bunlar Prezident İlham Əliyevin andiçmə mərasimində ifadə etdiyi kimi, ölkəmizin daxil olduğu yeni tarixi mərhələnin reallıqları fonunda ümumi inkişafımıza böyük fayda verir.

Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakından bəhs edən akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısının ŞƏT-in Zirvə toplantısındakı geniş nitqi, dünya liderləri ilə keçirdiyi görüşlər, həmçinin tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” və “Azərbaycan İnvestisiya Holdinqi ilə “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin imzalanması müstəqil Azərbaycan dövlətinin inkişafı tarixində mühüm hadisələrdəndir. O, həmçinin ölkə başçısının təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsini təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi hadisə kimi dəyərləndirib. Alim Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı Türk xalqları ilə əlaqələri prioritet istiqamət kimi müəyən etdiyini deyərək, Azərbaycanın daha böyük strateji hədəflərə doğru müzəffər addımlarla irəlilədiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli ictimaiyyətə təqdim olunan “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin COP29 strategiyasına və “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olduğunu bildirib. Qeyd edib ki, nəşrin ideya rəhbəri və “Ön söz”ünün müəllifi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov, redaktoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovdur. Kitabda Prezident İlham Əliyevin ekoloji siyasətinin ana xəttini təşkil edən “yaşıl iqtisadiyyat”a dair çıxışları, görüşləri və seçilmiş iqtibasları xronoloji ardıcıllıqla verilib. Nəşrə ölkə başçısının imzaladığı qanunlarla yanaşı, Azərbaycan dövlətinin qoşulduğu Beynəlxalq Konvensiyalar daxil edilib, həmçinin kitabda 20 il müddətində qəbul olunmuş Dövlət Proqramları və Milli Strategiya proqramlarına dair tədbirlər planı əksini tapıb.

Çıxışının sonunda AMEA rəhbəri “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin tədqiqatçılar, eləcə də ekoloji siyasət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün mötəbər mənbə, etibarlı bələdçi olduğunu bildirib.

Sonra Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxış edərək kitabın mahiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib. O, ictimaiyyətə təqdim edilən üçcildlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş strateji sənədlər, Fərman və sərəncamlar, qanunvericilik aktları, Dövlət Proqramları və Beynəlxalq Konvensiyalar haqqında geniş məlumatların yer aldığını diqqətə çatdırıb. Nazir dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yüksək keyfiyyətli ətraf mühitin təmin olunması kimi mühüm vəzifənin qarşıya məqsəd qoyulduğunu qeyd edib.

“Ötən il böyük fəxr hissi ilə qeyd etdiyimiz “Heydər Əliyev ili” çərçivəsində ölkəmizdə genişmiqyaslı ekoloji tədbirlər həyata keçirilib”, - deyən Muxtar Babayev 2023-cü il ərzində milyonlarla ağacın əkildiyini, 30 illik fasilədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının flora və fauna növlərinin təsdiq olunduğunu, həmçinin Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlandığını bildirib. O, “Qırmızı kitab”ın III nəşri zamanı ilk dəfə ANAMA-nın köməyi ilə alimlər tərəfindən işğaldan azad olunmuş ərazilərdə tədqiqatların aparıldığını söyləyib. Bundan başqa, nazir Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsinin tərtib olunduğunu da diqqətə çatdırıb.

Muxtar Babayev vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. O, “Yaşıl dünya naminə həmrəylik ili”ndə çapdan çıxmış “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin məlumatlılığın artırılması sahəsində vacib rol oynayacağına əminliyini bildirib.

Daha sonra nəşrin redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, AR ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər. Bildirilib ki, ekoloji maarifləndirmə məqsədilə çap olunan kitabda 62 qanun, 97 Fərman, 95 Sərəncam öz əksini tapıb.

Sonda layihənin rəhbəri və baş məsləhətçisi, nəşrin “Ön söz”ünün müəllifi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, eyni zamanda nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşək­kürünü bildirib. O, Zakir İsmayılov və Səməd Vəkilovun tərtibçiliyi ilə nəşrə hazırlanmış çoxcildliyin qiymətli vəsait, geniş ictimaiyyət üçün dəyərli maarifləndirici mənbə olduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyası