MEK-də “Heydər Əliyev - Unudulmaz Lider” adlı foto xalça sərgisinin açılışı keçirilib

12-03-24

11 mart tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev - Unudulmaz Lider” adlı foto xalça sərgisinin açılışı keçirilib. Mərkəzi Elmi Kitabxananın Şuşa zalında keçirilən mərasimdə MEK rəhbərliyi, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Milli Məclisin deputatları xarici qonaqlar, oxucular, tələbələr, kitabxana əməkdaşları və sərginin əsas təşkilatçılarından olan “QEYD – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov və baş katibi Aysel Tahirova iştirak ediblər. Qonaqlar sərgi zalında dahi şəxsiyyət Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalarla tanış olublar. Xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Daha sonra MEK-in direktoru, professor Məmməd Əliyev Ulu Öndərin irsinin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının borcu olduğunu bildirib və bu işdə kitabxanaların xüsusi rolunu qeyd edib: “Kitabxana “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi yüksək səviyyəli layihələri, konfransları və əlamətdar tədbirləri ilə yadda qalıb. Bu sərgi də həmin tədbirlərin davamı olaraq bir müddət bu zalda bütün oxuculara açıq olacaq”, - deyən direktor MEK tərəfindən ərsəyə gələn, Azərbaycan və ingilis dillərində səsləndirilən “Heydər Əliyevin aforizmləri” audiodiskini qonaqlara hədiyyə edib. Tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından olan deputatı İbrahim Köşdərə öncə sərginin təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib. Qonaq 12 illik siyasi fəaliyyətini qələmə alaraq bir roman ərsəyə gətirdiyini bildirib və kitabı Azərbaycan dilinə tərcümə edərək ölkəmizdə təqdimatının keçirilməsini də planlaşdırdığını vurğulayıb. Milli Məclisin deputatları Jalə Əhmədova və Vüqar İskəndərov çıxışlarında “Heydər Əliyev - Unudulmaz Lider” adlı foto xalça sərgisinin təşkilini yüksək qiymətləndirərək qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. İki qardaş ölkənin dostluğundan danışan qonaqlar TBMM millət vəkilinin tədbirdə iştirakını Türkiyə - Azərbaycan qardaşlığının təcəssümü kimi qiymətləndiriblər. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ildə Ulu Öndərin 100 illiyi ilə əlaqədar ölkəmizdə “Heydər Əliyev İli” keçirilib. Vurğulanıb ki, Heydər Əliyev elə bir böyük dəryadır ki, biz onu daim öyrənməliyik və öyrətməliyik. Onun dövrünün tədqiqatçılarından olduğunu diqqətə çatdıran YAP Yasmal rayon təşkilatının sədri onu da vurğulayıb ki, arxivlərə müraciət edərkən rəhbərliyinin hər iki dövründə Ulu Öndərin Azərbaycana necə əvəzsiz xidmətlərinin sənədlərlə canlı şahidi olub. Çıxışlardan sonra xatirə şəkilləri də çəkilib və Ramazan ayının ilk günündə Ulu Öndərin, eləcə də Vətən uğrunda canlarından keçən bütün şəhidlərin ruhuna dualar oxunub.